İyulun 9-dan etibarən yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynları Siyəzən, Xızı və Qusarın çətin relyefli sahələrində biçinə başlayıb.
Yeni nəsil kombaynlar əsasən biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələr üçün nəzərdə tutulub.
“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, bu il Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının texnika parkının müasirləşdirilməsi üçün vəsait ayrılıb. Bundan sonra “Aqrolizinq” ASC tərəfindən 25 ədəd yeni nəsil kombayn alınıb. Bu kombaynların bir hissəsi artıq ölkəyə idxal olunub və texnikaların gətirilməsi davam edir.
İyunun 26-dan başlayaraq Cəlilabad, Yardımlı və Lerikin çətin relyefli, dağlıq sahələrində bu kombaynlarla indiyə kimi 700 hektara yaxın taxıl zəmisi biçilib.
Ölkəyə gətirilən yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynların sayəsində artıq dağlıq və dağətəyi zonalarda da taxılçılıq təsərrüfatlarını inkişaf etdirməyə imkan yaranacaq. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq.
Əvvəllər fermerlər yalnız meyilliliyi az olan düzənlikli Aran rayonlarında suvarma şəraitində taxıl əkinindən məhsul götürə bilirdisə, yeni nəsil kombaynların sayəsində nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərə biləcəklər. Bununla da ölkəmizin taxıl ehtiyacının azalmasına böyük dəstək olacaq.
Bu kombaynların əsas üstünlüyü biçici başlığının yamacda 38, hündürlükdə isə 32 dərəcə bucaq altında dayanıqlılığa malik olması, eyni zamanda, sağa-sola hidravlik tənzimlənərək biçin edə bilməsidir. Bundan başqa, kombaynın 6 min litr həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərin təmiz və bol məhsul yığmasına kömək edəcək.
Bu il respublika ərazisində (Naxçıvan MR istisna olmaqla) 973 min 749 hektar taxıl sahəsi mövcuddur ki, bunun da 613 min 460 hektarında buğda, 360 min 289 hektarında isə arpa əkilib. Ölkə üzrə biçinə ümumilikdə 1700-dən çox taxılbiçən kombayn cəlb olunub. Bu kombaynların 700-dən çoxu “Aqrolizinq” ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən ilk əvvəl 50 hektara qədər olan taxıl sahələri biçilir. Biçin qiymətləri də dəyişməyib. Bir hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024