Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında yerli üzüm sortlarının dequstasiyası keçirilib. Dequstasiya prosesində son illər üzərində elmi-seleksiya işləri aparılan sortların dad, əmtəə görünüşü kimi keyfiyyət göstəricilərinə baxış keçirilib, onlardan alınan şərabların xüsusiyyətləri qiymətləndirilib.
Dequstasiyada məqsəd irigiləliyə görə yaxşılaşdırılma proqramına cəlb olunmuş yerli kişmişi və aztoxumlu süfrə üzüm sortlarının müsbət tərəflərinin fermer və istehsalçılara çatdırılmasıdır. İnstitutun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov bildirib ki, yerli sortların genefondunun qorunması və daha da zənginləşdirilməsi istiqamətində ampeloqrafik tədqiqatlar aparılır. Azərbaycanda vaxtilə 600-ə yaxın üzüm sortları əkilib-becərilib. Onlardan 400-ə qədərini yerli üzüm sortları təşkil edir.
“Dünyanın ən yüksək məhsuldar, keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, ən qiymətli süfrə, texniki və kişmişi üzüm sortları məhz bizim ölkəmizdə bitir. Onlardan məhsuldarlığı, öz dadı, keyfiyyəti, rəngi, istifadə istiqaməti ilə fərqlənən Ağ və Qara şanılar, Təbrizi, Bayanşirə, Mədrəsə, Ağ Xəlili, Sarıgilə, Şirvanşahı, Həməşərə, Xindoqnı, Hüseyni, Nəqşəbi, Misqalı, Şamaxı mərəndisi, Qara və Ağ Aldərələr, Ağ kişmişi, Ağ oval kişmişi, Çəhrayı kişmişi və s. çoxsaylı digər sortları göstərə bilərik. Ancaq bu sortların içərisində elələri var ki, onlar dünyada da nadir sortlardır. Məsələn, yerli Şirvanşahı sortunun gilələrində tam yetişmə zamanı 27-33 q/100 sm3 şəkərlilik toplanır. Bayanşirə sortu isə dünyada ən yüksək məhsuldar sortlardan biri hesab olunur. Belə ki, formasından asılı olaraq bir tənəyin məhsulu orta hesabla 12-20 kiloqrama çatır ki, bu da hektardan 35-45 ton üzüm məhsulu deməkdir”, - deyə Vüqar Səlimov vurğulayıb.
Hazırda institut əməkdaşları tərəfindən üzüm sortlarınının xarici sortlarla müqayisədə çatışmayan əlamətlərinin aşkarlanması, rəqabətə davamlılığını yüksəltməyə yönəlmiş seleksiya işləri aparılır. Sortlarda müasir tələbatlarla uzlaşmayan əlamətlərin yaxşılaşdırılmasına yönəlmiş seleksiya proqramlarının həyata keçirilməsi təmin olunmaqdadır.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026