• Ana səhifə
  • Xəbərlər
  • Yerli üzüm sortlarının qorunub saxlanılması və çoxaldılması istiqamətində tədqiqat işləri davam edir
Yerli üzüm sortlarının qorunub saxlanılması və çoxaldılması istiqamətində tədqiqat işləri davam edir

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları tərəfindən yerli üzüm sortlarının müasir üsullarla artırılması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi məqsədilə elmi ekspedisiyalar davam etdirilir.

Respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsində qiymətli üzüm sortlarının çoxaldılması vacibdir.

Azərbaycanın ən qədim, qiymətli texniki üzüm sortlarından biri olan “Mədrəsə” üzüm sortu – respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir. Mədrəsə sortunun məhsulu yüksəkkeyfiyyətli qırmızı süfrə şərablarının və desert tipli (kaqor) şərabların alınması üçün olduqca yararlıdır.  Mədrəsə şərabının keyfiyyəti nəinki respublikamızda, hətta dünyada da məşhurdur. Qarşıda dayanan  ən vacib məsələlərdən biri də, vaxtilə bu üzüm sortundan hazırlanan, “Şirvan”, “Çinar” “Mədrəsə”, “Mədrəsəli”, “Ərəbli” kaqoru, “Şamaxı kaqoru” şərablarını milli brend altında istehsal edib əvvəlki şöhrətini özünə qaytarmaqdır.

Vaxtilə “Mədrəsə” sortunun respublikamızın ümumi üzüm bağlarında əkilib-becərilmə payı 17 %-ə qədər təşkil edirdi ki bu da 35 min ha üzüm bağı demək idi. Bu sort respublikanın bütün üzümçülük rayonlarında əkilib-becərilirdi. Lakin, bioloji və genetik baxımdan təmiz Mərdəsə tənəkləri sortun vətəni olan  İsmayıllı və Şamaxı  rayonlarında daha çoxluq təşkil edirdi. Hazırda İsmayıllı rayonun İvanovka kəndində, köhnə üzüm bağlarında həmin sortdan ibarət tənəklər hələ də yetişdirilir. İnstitutun əməkdaşları tərəfindən həmin sahədə aprobasiya işləri aparılmış, keyfiyyətli əkin materialının tədarükü üçün tənəklər nişanlanmışdır. Bu il həmin sahədən aprobasiya olunmuş tənəklərdən əkin materialları ənənəvi və müasir üsullarla çoxaldılacaq. Sahədə qeydə alınan xarakterik tənəklərin molekulyar-genetik göstəriciləri müəyyən olunmaq məqsədilə Almaniyanın Üzümçülük İnstitutuna göndərilib. Aparılan analizlər nəticəsində sortun genetik profili müəyyən edilib və nəticələr VİVC məlumat bazasına yerləşdirilib .