İnam Kərimov: İnanırıq ki, gələn il fermerlərimizin nailiyyətləri builkindən də çox olacaq.
Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan hazırda fındıq istehsalı üzrə dünya ölkələri arasında üçüncü yerdədir. Ölkəmizdə fındıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür.
Zaqatalanın kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə sentyabrın 28-dən 30-dək rayonda növbəti - II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir.
Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə reallaşan və 3 gün davam edəcək festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
Sentyabrın 28-də II Beynəlxalq fındıq, qoz və şabalıd festivalının rəsmi açılış mərasimi olub. Mərasimdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Mədəniyyət Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, qonşu rayonların icra hakimiyyətlərinin başçıları, fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri və şəhərin qonaqları iştirak ediblər.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Sonra Zaqatala Bölgə Təcrübə Stansiyasının “Pərzivan” ərazisindəki fındıq bağına və “Karaca fındıq” MMC-nin fındıq emalı zavoduna baxış keçirilib.
Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar bal şərbəti, fındıqlı çörək və qərzəkli meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar.
Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb. Bildirilib ki, ölkəmizdə aqrar sektorun inkişafı dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatında məhsul istehsalının artırılması ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialının gücləndirilməsi baxımından da böyük əhəmiyyətə malikdir. İxrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq hazırda ikinci yerdədir.
Bildirilib ki, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardan biridir. Rayonda fındıqçılığın çox böyük potensialı var. Diqqətə çatdırılıb ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq və konserv məhsulları bütün sovet respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb.
Mübariz Əhmədzadə qeyd edib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, son dörd ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 19 min 760 hektara çatdırılıb, qoz və şabalıd sahələri genişləndirilib. 2015-ci ildə rayonda 9 min 283 ton fındıq istehsal olunduğu halda, 2018-ci ildə istehsalın həcmi 15 min 69 tona çatıb. Ötən il Zaqatalanın emal müəssisələri tərəfindən 72 milyon 59 min manat dəyərində fındıq məhsulları ixrac edilib. Diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonda, həmçinin 783 ton qoz və 141 ton şabalıd istehsal olunub.
Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək, aqrar sahənin, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün dövlətimiz tərəfindən sistemli tədbirlərin həyata keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda 80 min hektardan çox qərzəkli meyvə bağları var. Son 5 ildə bağların ümumi sahəsi iki dəfəyədək artıb. Azərbaycan bu gün dünyanın üçüncü fındıq istehsalçısıdır.
Ölkənin müxtəlif regionlarında aqrar sahə üzrə keçirilən festivalların əhəmiyyətini yüksək qiymətləndirən nazir İnam Kərimov deyib: “Bu gün fermerlər özlərinin məhsul bayramını qeyd edirlər. Bu bayram onların ilboyu çəkdikləri əməyin, əziyyətlərinin qeyd olunması mərasimidir. Festivala dəvət olunanlar, həmçinin rayon sakinləri məhz fermerlərimizin uğurlarına həmrəy olmaq, sevinclərinə şərik çıxmaq üçün bu bayrama toplaşıblar. İnanırıq ki, gələn il fermerlərimizin nailiyyətləri builkindən də çox olacaq”.
Mərasimdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edərək deyib: “Şimal-qərb bölgəsinin brendinə çevrilmiş fındıq, qoz, şabalıd və digər qərzəkli məhsullar bu gün Azərbaycanı dünyada təşviq edir. “Made in Azərbaycan” brendi altında xarici bazarlara ixrac olunan bu məhsullar sözsüz ki, ölkəmizin şan-şöhrətinin dünyada tanıdılmasına bir töhfə verir. Bu cür tədbirlərin keçirilməsi bölgələrin mövcud potensialının təşviq və təbliğ olunmasında çox böyük əhəmiyyət kəsb edir. Belə tədbirlər yerli fermerləri daha çox məhsul istehsal etmələri üçün bir növ ruhlandırır. Hesab edirik ki, bu tədbirlərin keçirilməsi regionlarımızın inkişaf sahəsində həyata keçirilən uğurlu siyasətə bir təkandır”.
Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin nümayəndəsi Seymur Həsənov belə festivalların Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərdiyini vurğulayıb.
Rəsmi açılış mərasimindən sonra festival iştirakçıları fındıq, qoz və şabalıddan hazırlanmış əl işləri, rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxıb, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olublar. Meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdirilib. Festivalın birinci günü Heydər Parkında təşkil olunacaq konsert proqramı ilə başa çatacaq.
Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçiriləcək.
Sonuncu – üçüncü gün qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024