Kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərin, fermerlərin, sahibkarlıq subyektlərinin və tələbələrin bilik və bacarıqlarının artırılması, müasir yanaşmaların mənimsənilməsi və qabaqcıl təcrübənin tətbiqinin təşviqi məqsədilə həyata keçirilən genişmiqyaslı təlim proqramları davam edir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran şəhərində “Heyvan xəstəlikləri: Erkən diaqnostika və mübarizə yolları” mövzusunda sahə üzrə mütəxəssislər üçün TOT (Təlimçilərin Təlimi) proqramı təşkil olunub.
Təlimdə Aqrar Təlim Mərkəzi, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universitetinin müəllim heyəti, həmçinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri iştirak ediblər.
Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə bildirilib ki, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması yalnız təsərrüfatların səmərəliliyi baxımından deyil, bütövlükdə qida təhlükəsizliyinin və ictimai sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır. Rəşad Mehdizadə bu istiqamətdə baytar həkimlərin və heyvan sağlamlığı üzrə mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, mürəkkəb elmi məlumatların fermerlərə sadə və anlaşılan formada çatdırılması, nəzəri biliklərin praktiki nümunələrlə əlaqələndirilməsi, praktiki məşğələlərin təşkili, iştirakçıların təlim prosesinə fəal cəlb edilməsi və təlimlər nəticəsində davranış dəyişikliyinin formalaşdırılması əsas hədəflərdəndir.
Proqram Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, professor Mustafa Hasöksüz və yerli mütəxəssis, biologiya üzrə fəlsəfə doktoru Vüsal Abbasov tərəfindən aparılıb. Təlim zamanı heyvan xəstəliklərinin erkən aşkarlanması və diaqnostikası, südlük inəklərdə yelin xəstəlikləri, virus infeksiyaları və digər infeksiyalardan qorunma yolları, peyvəndlər və onların yaratdığı immunitet, iri buynuzlu heyvanlarda reproduktiv problemlər və qısırlığın səbəbləri, həmçinin qan parazitar xəstəlikləri və iri və xırda buynuzlu heyvanlarda helmintozlar barədə məlumat verilib.
Mövzular üzrə müasir laborator diaqnostika üsulları və xəstəliklərlə mübarizə tədbirləri izah olunub, iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026