• Ana səhifə
  • Xəbərlər
  • ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı üzrə rəhbər komitənin görüşü keçirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov iki universitet arasında əməkdaşlığın inkişafı və ikili diplom proqramı çərçivəsində əldə edilən nəticələrdən bəhs edib. O, proqramın aqrar sahə üzrə müasir bilik və praktiki bacarıqlara malik mütəxəssislərin hazırlanmasında əhəmiyyətini vurğulayıb, tədrisin keyfiyyətinin yüksəldilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və tələbələrin peşəkar inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.

Ege Universitetinin rektoru Musa Alcı ADAU ilə tərəfdaşlığın əhəmiyyətindən danışaraq, ikili diplom proqramının hər iki universitet üçün yeni imkanlar yaratdığını bildirib. O, tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsinin, eləcə də aqrar təhsil sahəsində birgə təşəbbüslərin genişləndirilməsinin önəmini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli proqramın ölkəmizin aqrar sektoru üçün əhəmiyyətini vurğulayıb. O, müasir texnologiyaları mənimsəyən, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasında beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübənin öyrənilməsinin mühüm rol oynadığını bildirib.

Ege Universitetinin Kənd Təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan proqram çərçivəsində tələbələrin istehsalat təcrübəsinin nəticələrinə dair yekun hesabatı təqdim edib. Hesabat ətrafında müzakirələr aparılıb, təcrübənin təşkili və nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi edilib.

Sonra iclasda cari məsələlər müzakirə olunub. Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov onlayn formada görüşə qoşularaq müzakirə olunan məsələlər zamanı öz təkliflərini səsləndirib.

Görüşün sonunda qarşıda duran vəzifələr, nəzərdə tutulan birgə layihələrin icrası və əməkdaşlığın növbəti mərhələləri müzakirə olunub.

Daha sonra qonaqlar ADAU-nun müasir laboratoriyaları, ADAU TV internet televiziyası və Tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.