Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları tərəfindən Salyan rayonunda Aqrar Təlim Mərkəzinin əməkdaşları ilə birgə fermerlər üçün “İqlim dəyişmələri fonunda üzümün ekoloji stres amillərindən qorunması: Üzümdə xlorozlar və onların aradan qaldırılması yolları” və Tovuz rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları ilə birgə “Üzümçülükdə innovativ becərilmə texnologiyaları, yay-payız dövründə üzümçülükdə aqronomik tədbirlər, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları, üzümlüklərin ekoloji risk amillərinin təsirindən qorunması tədbirləri” mövzularında seminarlar keçirilib. Seminarlarda əsas məqsəd bölgələrdə elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərin istehsal prosesi zamanı qarşılaşdığı problemlərin həllinə, həmçinin becərmə texnologiyalarının, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olub.
Salyanda keçirilən tədbirdə qeyd olunub ki, bu il rayonda yerləşən üzüm bağlarında kütləvi şəkildə xloroz halları müşahidə edilib. Fermerlərin müraciəti əsasında ÜŞETİ-nin əməkdaşları rayonun kəndlərində fermerlər üçün tövsiyə xarakterli təlimlər təşkil ediblər. İnstitut tərəfindən hazırlanmış proqram və tövsiyə əsasında “üzümdə meydana çıxan xlorozların, yaxud saralmaların müəyyən edilməsi və meydana çıxan fəsadların aradan qaldırılması üçün preventiv tədbirlərə” uyğun olaraq sahədə praktiki olaraq meliorativ tədbirlər görülmüş və aqrokimyəvi maddələr tətbiq edilmişdir.
Bildirilib ki, üzümün vegetasiya dövründə ətraf mühit amillərində baş verən dəyişkənliklər onun fenofazalarının gedişinə əhəmiyyətli təsir edir, meydana çıxan ekoloji əsaslı stres amilləri üzümün həyatına təsirsiz keçmir. Xloroz xəstəliyi torpağın bitki üçün əlverişsiz olması, maddələr mübadiləsinin pozulması, torpaqda qida maddələrinin çatışmazlığı, yaxud da həddən artıq çoxluğu, minerallaşma və mikrobioloji proseslərin pozulması nəticəsində baş verir. Belə ki, torpaqda rütubətin az və ya həddən artıq çox olması, hava və torpaqda temperaturun az olması, köklərin müxtəlif təsirlərdən zədələnməsi, torpaqda duzların çoxluğu, dəmirin isə az olmasını və s. göstərmək olar
Tovuz rayonunda keçirilən tədbirdə ÜŞETİ-nin direktoru Vüqar Səlimov bildirib ki, çürümə xəstəliklərinin bir sıra səbəbləri var. Üzüm salxımlarının çürüməsinin ən başlıca səbəbi oidium xəstəliyidir. Belə ki, üzüm giləsi xəstəliyə sirayətlənəndə qabıq inkişafdan qalır. Gilənin içərisində olan toxumlar isə normal inkişaf edir. Bu da gilələrin içəridən sıxılıb partlamasına gətirib çıxarır. Nəticədə partlamış, çat hissəyə su daxil olur ki, bu da ağ, boz və qara çürümə xəstəliklərinə şərait yaradır. Çürümə xəstəliklərinin 2-ci səbəbi salxım yarpaqbükənin 2-ci və 3-cü nəslinin üzümün qora və yetişməkdə olan dövründə vurduğu zədələrdir. Çürümə xəstəlklərinin inkişafı hava şəraitindən də asılıdır. Nəticədə, uzun müddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.
Tədbirin sonunda fermer və iştirakçılara ÜŞET-nin əməkdaşlarının nəşr etdirdiyi “Üzümü çürümə xəstəliklərindən qoruyaq”, “Üzümçünün təqvimi”, “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər”, “Üzümçülükdə ekoloji (təbii) risklər və abiotik amillərin üzümə təsiri”, “Üzümün təhlükəli xəstəlik və zərərvericiləri”, “Üzüm bağlarının ekoloji risklərdən qorunma üsulları”, “Bar verən üzümlüklərdə budama, quru bağlama və yaşıl əməliyyatların aparılma qaydaları” adlı broşura və kitablar, o cümlədən üzümçülüyün müxtəlif sahələrinə həsr edilmiş bukletlər paylanıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024