• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfa...
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

 2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli dekabrın 20-də Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağdaş rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyanın alınması və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Ağdaş DAİM-in kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Azad Cəfərli rayonun Korarx kəndində intensiv və superintensiv armud, xurma, gavalı, nektarin və gilas bağlarına baş çəkib, bağlarda görülən işlərin gedişi ilə maraqlanıb. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.