“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Kənd təsərrüfatı və ərzaq sistemləri üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması: İcranın sürətləndirilməsi üçün tərəfdaşlıqların qurulması” mövzusunda tədbir keçirilib.
Tədbirdə kənd təsərrüfatının iqlim dəyişmələrinin təsirlərinə həssaslığı, sektora iqlim maliyyəsinin cəlb edilməsi, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi və tərəfdaşlıqların gücləndirilməsi məsələləri müzakirə olunub.
Ərzaq və Kənd Təsərrüfatının Dayanıqlı Transformasiyası (FAST) Tərəfdaşlığı üzrə Kənd Təsərrüfatı Nazirliyi üzrə əlaqələndirici şəxsi, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova bildirib ki, kiçik fermerlər üçün maliyyənin əlçatan və münasib şərtlərlə təqdim edilməsi vacibdir. İqlimə davamlı kənd təsərrüfatına keçid müasir suvarma sistemləri, bərpa olunan enerji, iqlimə uyğun texnika, aqrar sığorta və rəqəmsal həllərə çıxışın genişləndirilməsini tələb edir.
Tədbirdə COP29 çərçivəsində irəli sürülən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün bu istiqamətdə mühüm platforma olduğu qeyd edilib. Bildirilib ki, təşəbbüs iqlim maliyyəsini, bilik və texnologiyaları fermerlərin praktiki ehtiyacları ilə əlaqələndirməyi və tərəfdaşlar arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Tədbir iştirakçılarına Azərbaycanda aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən dövlət dəstək tədbirləri barədə məlumat verilib. Qeyd edilib ki, 2026–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində aqrar sektora dəstək mexanizmlərinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Leyla Cabbarlı-Mitova vurğulayıb ki, dövlət maliyyəsi özəl kapitalı əvəz etməməli, əksinə, investisiya risklərini azaltmalı və kənd təsərrüfatına özəl investisiyaların cəlb edilməsinə şərait yaratmalıdır. O, iqlim maliyyəsinin son nəticədə fermer təsərrüfatlarında su və enerji istehlakının azalması, məhsuldarlığın və gəlirlərin artması, iqlim risklərinə dayanıqlılığın güclənməsi ilə nəticələnməli olduğunu bildirib.
Tədbirdə kənd təsərrüfatı və ərzaq sistemlərinə investisiyaların artırılması, fermerlərin və aqroərzaq KOB-larının iqlim maliyyəsinə çıxışının genişləndirilməsi və tərəfdaşlıqlar vasitəsilə icranın sürətləndirilməsi üzrə təkliflər səsləndirilib.
Qeyd edək ki, Azərbaycan COP27 çərçivəsində elan edilmiş FAST Tərəfdaşlığının həmsədri və İdarə Heyətinin üzvüdür.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026