Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək.
Əsas məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir.
Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 faizədək müəyyən edilib.
Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.
Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti 1 ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər.
Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.
Qeyd edək ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Respublikası Prezidentinin 5 mart 2026-cı il tarixli “Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, dövlət büdcəsi hesabına AKİA tərəfindən maliyyələşdiriləcək.
Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb
20 Iyul 2026
Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib
20 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edir: Biçindən sonra əkin sahələrini yandırmayın!
20 Iyul 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 3-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
16 Iyul 2026