• Ana səhifə
  • Xəbərlər
  • Naxçıvanda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı fermerlərlə görüş keçirilib
Naxçıvanda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı fermerlərlə görüş keçirilib

Prezident 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasında fermerlərlə görüş keçirilib.


Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin binasında keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin direktoru, Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış Torpaq və Suvarma qrupunun rəhbəri Firidun Tağıyev, eləcə də müasir suvarma sistemlərinin tətbiqində maraqlı olan fermerlər iştirak ediblər.


Görüşdə müasir suvarma sistemlərinin kənd təsərrüfatında əhəmiyyəti, Dövlət Proqramında bu istiqamətdə müəyyən edilmiş hədəflər, fermerlər üçün nəzərdə tutulan dövlət güzəştləri və subsidiya mexanizmləri barədə ətraflı məlumat verilib.


Bununla yanaşı, müasir və idarəolunan suvarma sistemlərini öz təsərrüfatlarında qurmaq istəyən fermerlərin qarşılaşdıqları çətinliklər dinlənilib. Onların təklif və təşəbbüsləri qeydə alınaraq müvafiq qaydada icraata götürülüb.