Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təşviqi və fermerlərin maarifləndirilməsi istiqamətində respublikanın müxtəlif bölgələrində silsilə maarifləndirici sahə görüşləri və təlimlər davam etdirilir.
Astara, Kürdəmir, Qazax, Beyləqan, Lənkəran, Goranboy, Şəki, Kəlbəcər, Saatlı, Qax və Şamaxı rayonlarında təşkil olunan təlimlərdə kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən aktual mövzular müzakirə olunub. Tədbirlər çərçivəsində taxıl biçinindən sonra torpağın yay şumu, təkrar və payızlıq əkinlər üçün hazırlanması, müasir suvarma sistemlərinin tətbiqi, əkin sahələrində xəstəlik və zərərvericilərə qarşı bioloji və kimyəvi mübarizə üsulları, meyvə bağlarında erkən diaqnostika, arıçılıqda bal məhsuldarlığının artırılması, iribuynuzlu heyvanların yemlənməsi və reproduktiv dövrünün düzgün idarə olunması, eləcə də fermerlərin EKTİS sistemindən istifadəsi və fermer kabinetinin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Bununla yanaşı, təlimlərdə kənd təsərrüfatı məhsullarının bazar tendensiyaları, satış imkanları və qiymətlərin formalaşmasına təsir edən amillər barədə ətraflı məlumat verilib, fermerlərə bazar tələbatının düzgün qiymətləndirilməsi və məhsulların daha səmərəli satışının təşkili ilə bağlı praktiki tövsiyələr təqdim olunub. Eyni zamanda, yay mövsümündə müşahidə olunan yüksək temperatur şəraitində günvurmadan qorunma, zəhərli sürünənlər və həşəratlarla qarşılaşma zamanı təhlükəsizlik qaydaları, eləcə də bu hallarda görülməli ilkin tədbirlər barədə iştirakçılar maarifləndirilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən bu kimi görüşlərin əsas məqsədi fermerlərin nəzəri bilik və praktik bacarıqlarının artırılması, onların müasir aqrar texnologiyalar və innovativ istehsal üsulları barədə məlumatlandırılması, qabaqcıl təcrübələrin tətbiqinin təşviqi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin genişləndirilməsi, eləcə də kənd təsərrüfatında məhsuldarlığın, məhsulun keyfiyyətinin və təsərrüfatların iqtisadi səmərəliliyinin yüksəldilməsinə dəstək verməkdir.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
07 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
07 Avqust 2026
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
07 Avqust 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qaxda vətəndaşlarla görüşüb
07 Avqust 2026
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
04 Avqust 2026