• Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan nümayəndə heyəti Macarıstanın aqrar sahədə fəaliyyət göstərən təhsil müəssisələri və şirk...
Azərbaycan nümayəndə heyəti Macarıstanın aqrar sahədə fəaliyyət göstərən təhsil müəssisələri və şirkətlərin fəaliyyəti ilə tanış olub

Macarıstanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin aqrar təhsil müəssisələrinin, kənd təsərrüfatı şirkətlərinin və aparıcı təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.

Azərbaycan nümayəndə heyəti əvvəlcə Macarıstanın şimal-qərbində yerləşən Babolna şəhərində “Tetra” şirkətinin atçılıq mərkəzinə baş çəkib. Səfər iştirakçılarına burada atçılığın inkişafı istiqamətində görülən işlər, mərkəzdə yaradılan şərait, atların yetişdirilməsi, saxlanması, istifadəsi, at cinslərinin damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi barədə məlumat verilib. Bildirilib ki, macar at cinslərinin damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsində ərəb atlarından istifadə edilir. Görüş zamanı milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin qorunub saxlanması, eləcə də yüksək keyfiyyətlərə və qiymətli irsi əlamətlərə malik cins atların yetişdirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra səfər iştirakçıları Avropanın ən böyük damazlıq quşçuluq müəssisələrindən biri olan “Tetra Ltd.” kombinatında olub, Macarıstanda quşçuluq sənayesində mövcud vəziyyət, ölkədə quşçuluğun inkişafı istiqamətləri ilə maraqlanıblar. Müəssisə rəhbərliyi səfər iştirakçılarına damazlıq, həmçinin əmtəəlik quş əti və yumurta istehsalı prosesində tətbiq olunan yeniliklər, genetik tədqiqatlar, yem rasionlarının hazırlanması, damazlıq-seleksiya işi üzrə texnoloji prosesin ümumi iş prinsip barədə ətraflı məlumat verib. Bildirilib ki, heyvandarlığın digər sahələrində olduğu kimi quşçuluq sektorunda da damazlıq-seleksiya işləri zootexniki tədbirlərin vahid sistemi olmaqla damazlıq quşların elmi əsaslarla yetişdirilməsini təmin edir. Qeyd olunub ki, müəssisə genetik material istehsal etmək, damazlıq quşçuluq müəssisələrini yüksək məhsuldar damazlıq yumurta və birgünlük cücə ilə təmin etmək üçün elmi əsaslarla idarə edilir. Azərbaycan nümayəndə heyəti ölkədə quşçuluğun inkişafı istiqamətləri, bu sahədə əməkdaşlıq imkanlarını yerli mütəxəssislərlə müzakirə ediblər.

Səfər iştirakçıları həmçinin Avropanın ən qədim kənd təsərrüfatı ali təhsil müəssisəsi olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) maddi-texniki bazası ilə tanış olub, ali təhsil müəssisəsində tədrisin təşkili prosesi ilə maraqlanıblar. Səfər çərçivəsində MATE-nin prorektoru Katalin Posta ilə görüş keçirilib. Universitet rəhbərliyi tədris metodikası, elmi tədqiqat işləri barədə qonaqlara ətraflı məlumat verib, universitetin 2030-cu il üçün strateji planlarını açıqlayıb. Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və MATE arasında əməkdaşlıq imkanları, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsinin vacib olduğu vurğulanıb. Azərbaycan nümayəndə heyəti macar həmkarları ilə faydalı ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması, təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər.