Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Taxıl üzrə orta məhsuldarlıq 31,3 sentnerə çatıb

Respublikada taxıl biçini yekunlaşmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyində biçinin təşkilinə dair yaradılmış operativ qərargahın verdiyi məlumata görə, iyunun 16-dək ölkə üzrə taxıl zəmilərinin 85 faizində biçin prosesi başa çatıb. Arpa sahələrinin 95,8 faizində, buğda sahələrinin isə 77,2 faizində biçin tam yekunlaşıb.

Bugünədək sahələrdən 2 691 552 ton məhsul yığılıb. Yığılan məhsulun 1 492746 tonu buğda, 1 198 806 tonu isə arpadır. Buğda üzrə orta məhsuldarlıq 33 sentner, arpa üzrə məhsuldarlıq isə 29,4 sentner təşkil edir. Ümumilikdə taxıl üzrə orta məhsuldarlıq 31,3 sentnerə çatıb.

Hazırda aktiv biçin dağlıq və dağətəyi ərazilərdə aparılır. Biçin prosesinə hazırda 925 kombayn cəlb olunub. Bunlardan 282 kombayn “Aqroservis” ASC-nin, 643 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. İyunun 16-da aktiv biçin gedən bölgələrdən Cəlilabadda 164, Qobustanda 84, Qusarda 74, Şamaxıda 55, Füzulidə 54, Qubada 45 kombayn biçin prosesinə cəlb olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mexanizatorlar tərəfindən 60148 hektar daha çox sahədə biçin həyata keçirilib.

Biçin prosesi davam edir.