• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Qlobal Beyin Mərkəzləri Forumunda iştirak edib
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Qlobal Beyin Mərkəzləri Forumunda iştirak edib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə keçirdiyi Qlobal Beyin Mərkəzləri Forumunda iştirak edib. Mərkəz direktoru “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) adlı Forumun “Qlobal iqlim dayanıqlılığı üçün yaşıl maliyyə: Strategiyalar və innovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzusunda keçirilən sessiyasında çıxış edib, yaşıl maliyyələşmənin kənd təsərrüfatında tətbiqi məsələlərindən danışıb.

Direktor “yaşıl subsidiyalar”a keçid prinsiplərinə diqqət çəkib, bildirib ki, gələn ildən ölkəmizdə subsidiyaların verilməsində differensial yanaşmanın tətbiqi nəzərdə tutulur. Bu yanaşmaya görə, pivot suvarma tətbiq edən fermerlər digər suvarma üsullarından istifadə edən fermerlərlə müqayisədə daha çox subsidiya alacaqlar.

Bu sessiyada ümumilikdə yaşıl istiqrazlar, dayanıqlı investisiya mexanizmləri və maliyyə sektorunun iqlim məqsədlərinə töhfəsi məsələləri müzakirə edilib.

Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak ediblər.

Forum çərçivəsində yaşıl iqtisadiyyat modeli - iqtisadi inkişafı ətraf mühitin qorunması ilə uyğunlaşdıraraq davamlı inkişafın təmin edilməsi modeli mühüm müzakirə predmeti olub. Forum iştirakçıları karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl maliyyə mexanizmlərinin tətbiqi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin vacibliyini vurğulayıblar.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyub. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.