Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Sentyabrın 17-də Zaqatalada “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Dövlət Proqramından irəli gələn vəzifələr barədə məlumat verib, qarşıya qoyulan məqsədlərin rayonda həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi ilə Rayon İcra Hakimiyyəti arasında koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb. Rayonun aqrar potensialından səmərəli istifadə olunmasının və prioritet istiqamətlər üzrə tədbirlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Bildirib ki, proqram çərçivəsində bitkiçilik və heyvandarlıq sahələrində istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilməsi nəzərədə tutulur.

Nazir müavini Zaqatala rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə də toxunub, fermerlərin dövlət dəstəyi mexanizmlərindən, o cümlədən subsidiyalardan, güzəştli kənd təsərrüfatı texnikası və avadanlıqlarından, aqrar sığortadan və digər dəstək alətlərindən səmərəli istifadə imkanları barədə məlumat verib.

Görüşdə rayonun kənd təsərrüfatı üzrə ixtisaslaşdığı istiqamətlər, o cümlədən fındıqçılıq, gülçülük, arıçılıq və xurma istehsalı ilə bağlı məsələlər müzakirə olunub.

Müşavirədə dövlət dəstəkli aqrar sığorta mexanizminin tətbiqi, damazlıq arıçılıq təsərrüfatlarına dövlət dəstəyinin artırılması, Dövlət Proqramı çərçivəsində güzəşt tətbiq edilən texnika və avadanlıqların əhatə dairəsinin genişləndirilməsi, torpaqların konsolidasiyası, həmçinin xurma istehsalı və emalı ilə məşğul olan fermerlərin avadanlıqla təmin olunmasına dəstək göstərilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Sonda fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.