• Ana səhifə
  • Xəbərlər
  • Sosial Tədqiqatlar Mərkəzi: Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə edilən zənglərin cavablandı...
Sosial Tədqiqatlar Mərkəzi: Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib

Dövlətin sosial-iqtisadi potensial göstəricilərindən biri kimi müasir kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi və tətbiq dairəsi özlüyündə vətəndaş məmnuniyyətinə əsaslanan idarəetməni dövlət siyasətinin prioritetlərindən birinə çevirib.

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

Monitorinq nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1652) edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib.

Günün birinci və ikinci yarısında zənglərin 90.9%-i cavablandırılıb, 9.1%-i cavablandırılmayıb. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 34 saniyə, günün ikinci yarısında 5 saniyə təşkil edib.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib.