• Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqund...
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

15–16 sentyabr tarixlərində Macarıstanın Budapeşt şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya, həmçinin Yaxın Şərq və Şimali Afrika üzrə Regional Ofislərinin birgə təşkilatçılığı ilə “Aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə inteqrasiya olunmuş siyasət yanaşması” mövzusunda regionlararası siyasət dialoqu keçirilib.

Tədbirdə kənd təsərrüfatı, su ehtiyatları, iqlim dəyişmələri və ətraf mühit üzrə siyasətlərin əlaqələndirilməsi, yaşıl kənd təsərrüfatına keçid və dayanıqlı aqrar-ərzaq sistemlərinin formalaşdırılması məsələləri müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli və Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov tədbirdə iştirak edib.

Aparat rəhbəri Azad Cəfərli çıxışında Azərbaycanda aqrar-ərzaq sistemlərinin inkişafı, yaşıl kənd təsərrüfatına keçid, yaşıl maliyyələşdirmə və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. O, həmçinin aqrar sığorta çərçivəsində yaşıl maliyyələşdirmə imkanlarının tətbiqi məsələlərinə toxunub.

Azad Cəfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş əsas istiqamətlər və hədəflər barədə məlumat verib. Bildirilib ki, sənəddə kənd təsərrüfatında məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, su və torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadə, iqlim dəyişmələrinə davamlılığın gücləndirilməsi, rəqəmsallaşma və innovativ həllərin tətbiqi, eləcə də aqrar sahənin maliyyə imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycanda yaşıl kənd təsərrüfatı yanaşmalarının tətbiqi, təsərrüfatlarda müasir suvarma sistemlərindən və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi barədə də məlumat verilib. Regenerativ kənd təsərrüfatı və təbiətin mühafizəsinə əsaslanan yanaşmaların ölkədə həm ənənəvi təcrübələr, həm də müasir texnologiyalar çərçivəsində tətbiq olunduğu diqqətə çatdırılıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının “ağıllı kənd”, “yaşıl kənd” və “yaşıl maliyyələşdirmə” konsepsiyaları, müasir suvarma sistemləri, bərpa olunan enerji və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də kooperativləşmə modeli əsasında inkişaf etdirilməsi barədə məlumat verilib. Tədbirdə Azərbaycanın aqrar sektoru üzrə təqdimat keçirilib.

İki günlük dialoq çərçivəsində iştirakçılar yaşıl kənd təsərrüfatına keçid, siyasətlərin əlaqələndirilməsi, innovativ həllərin tətbiqi, monitorinq və qiymətləndirmə, maliyyələşmə və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Macarıstanın Kozárd şəhərinə sahə səfəri təşkil olunub. Səfər zamanı iştirakçılar çoxfunksiyalı landşaftların və regenerativ sosial-ekoloji sistemlərin tətbiqi üzrə praktiki nümunələrlə tanış olublar.