Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri İlqar Süleymanov və Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, şöbə müdirinin müavini – sektor müdiri Nəvai Qasımov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində Zaqatala rayonunda görülən işlərlə tanış olublar.
Bu məqsədlə Agrarco MMC-nin Zaqatala rayonunda yerləşən intensiv bağçılıq təsərrüfatına baxış keçirilib, nümayəndələr təsərrüfatın fəaliyyəti ilə yerində tanış olublar. Məlumat verilib ki, bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər qarşıya vəzifə olaraq qoyulmaqla fındıq bağlarının sahəsinin əlavə 230 hektar artırılaraq 600 hektara çatdırılması, məhsuldarlığın 21 sentnerə, ümumi məhsul istehsalının isə 513 tondan 1001 tona çatdırılması nəzərdə tutulur. Belə ki, artıq İsraildən 1,4 mln manat dəyərində suvarma avadanlıqları, eləcə də İtaliyadan 168 min manat dəyərində 5 ədəd dərman və herbisid çiləyicilər alınıb. Bununla da təsərrüfatın maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər davam etdirilir.
Bundan başqa, fiziki şəxs qismində fəaliyyət göstərən Ayaz Allahverdiyev tərəfindən meyvə və giləmeyvə məhsullarının konservləşdirilməsi və sirop istehsalı üzrə layihə çərçivəsində ümumi sahəsi 240 kvadratmetr olan, illik 1500 ton emal gücü nəzərdə tutulan istehsal binasının tikintisi başa çatdırılıb. Müəssisə üçün paslanmayan parlaq metaldan hazırlanmış avadanlıqlar alınıb, oraya su xətti çəkilərək 25 ton tutumlu ehtiyat su çəni və 20 ton tutumlu soyuducu quraşdırılıb. Bununla əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən obyektin istismarına icazə sənədi artıq təqdim olunub.
Yuxarı Tala kənd sakini, arıçılıq- damazlıq təsərrüfatının rəhbəri Mövlüddin Qurbanəliyev tərəfindən rayonda arı təsərrüfatının inkişaf etdirilməsi, həmçinin bal istehsalının artırılması üçün 600 yeni arı pətəyi alınaraq arı ailələrinin sayının 1200-ə, bal istehsalının isə 11 tondan 25 tona çatdırılması istiqamətində iş aparılır. Bu məqsədlə süni mayalanma avadanlığı alınmaqla, arı pətəklərinin və pətəklər üçün çərçivələrin hazırlanması istiqamətində işlər davam etdirilir.
Rayonun Danaçı kənd sakini Süleyman Süleymanova məxsus heyvandarlıq təsərrüfatında yeni 325 kvadratmetr müasir tipli mini fermanın tikintisi aparılaraq dam örtüyü vurulub. Fermanın iribuynuzlu heyvandarlıq (südlük) istiqamətində fəaliyyəti üçün heyvan sayının 15 başa, süd istehsalının 20 tondan 100 tona çatdırılması məqsədilə müvafiq tədbirlər görülməkdədir.
“Tabaterra Leaf” MMC tərəfindən 250 hektar ərazidə tütün istehsalının arıtırılması üçün 14 ədəd “Tambur”suvarma sisteminin qurulması başa çatdırılıb.
“AzerNuts” MMC-də meyvəçiliyin inkişaf etdirilməsi məqsədi ilə 30 hektar ərazidə yeni xurma bağının salınması nəzərdə tutur. Artıq ərazidə artezian və suvarma gölü qazılıb. Xurma tinglərinin əkilməsinə mart ayında başlanacaq.
Sahibkar İsmayıl Orucov tərəfindən 3 hektar sahədə “Avatar” növünə aid üzüm bağının salınması məqsədi ilə ərazi kol-kosdan təmizlənib, hazırda tinglərin əkilməsi üçün şumlama və malalama işləri aparılır.
Digər sahibkar Abdurahman Soltanov tərəfindən yun emalı və yapıncı istehsalı müəssisəsinin yaradılması layihəsi çərçivəsində zəruri avadanlıqların alınması məqsədilə Türkiyənin müvafiq şirkətləri ilə danışıqlar aparılır.
Baxış zamanı sahibkarların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları çətinliklərlə maraqlanılıb, onların təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Daha sonra Zaqatala Rayon İcra Hakimiyyətinin binasında aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə görüş keçirilib. İclasda Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib, görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
19 Noyabr 2026
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026
Balakən rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
19 Noyabr 2026