• Ana səhifə
  • Xəbərlər
  • Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub
Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri İlqar Süleymanov və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nəvai Qasımov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən layihələrin icra vəziyyəti ilə tanış olublar.

Bu məqsədlə “Tam-Aqro” MMC tərəfindən inşa edilən müasir toxum emalı zavoduna baxış keçirilib, müəssisədə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ümumi layihə dəyəri 3 milyon manat olan müəssisənin tikintisinə indiyədək 2 milyon 500 min manat investisiya yatırılıb. Metal konstruksiyalardan ibarət əsas binanın tikintisi başa çatdırılıb, əlavə anbar binasının inşası isə davam etdirilir. Müasir toxum emalı avadanlıqları quraşdırılıb və istehsal prosesinə başlanılıb. Hazırda zavodun fəaliyyətinin genişləndirilməsi istiqamətində tamamlayıcı işlər görülür. Müəssisədə 6 nəfər çalışır. Layihənin tam başa çatdırılmasından sonra işçilərin sayının 40 nəfərə çatdırılması nəzərdə tutulur.

Sonra “Azərşəkər” MMC tərəfindən Qax rayonunda həyata keçirilməsi planlaşdırılan digər investisiya layihəsi barədə məlumat verilib. Layihə çərçivəsində 2100 hektar ərazidə suvarma infrastrukturunun yaradılması və 29 pivot tipli suvarma sisteminin quraşdırılması nəzərdə tutulur. Ümumi investisiya dəyəri 20 milyon manat olan layihə üzrə ilkin işlərə başlanılıb.

Görüşlər zamanı sahibkarlarla fikir mübadiləsi aparılıb, müəssisələrin mövcud fəaliyyəti, inkişaf perspektivləri və istehsal hədəfləri müzakirə olunub, onları maraqlandıran məsələlər və təkliflər dinlənilib. Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin genişləndirilməsi məqsədilə dövlət dəstəyi mexanizmlərindən, güzəştli kredit və subsidiya imkanlarından səmərəli istifadənin əhəmiyyəti vurğulanıb.

Sonda Qax Rayon İcra Hakimiyyətinin binasında aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə işgüzar müşavirə keçirilib. Müşavirədə rayonda aqrar sahə üzrə həyata keçirilən investisiya layihələrinin icra vəziyyəti nəzərdən keçirilib, onların vaxtında və səmərəli reallaşdırılması üçün qarşıda duran vəzifələr müzakirə olunub. Aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Qax rayonunda toxum emalı müəssisəsinin yaradılması və müasir suvarma infrastrukturunun qurulması istiqamətində həyata keçirilən layihələrin aqrar istehsalın genişləndirilməsinə, müasir texnologiyaların tətbiqinə, yeni iş yerlərinin yaradılmasına və rayonun iqtisadi potensialının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Dövlət Proqramına uyğun olaraq Qax rayonunda aqrar sahənin inkişafına və investisiya imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlərin icrası davam etdirilir.