• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyində “Hədəf 130/80” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib
Kənd Təsərrüfatı Nazirliyində “Hədəf 130/80” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Noyabrın 24-də Kənd Təsərrüfatı Nazirliyində “Hədəf 130/80” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib. Layihə ilkin səhiyyə xidməti çərçivəsində əhalinin sağlamlığının qorunmasına, arterial hipertenziyanın erkən aşkarlanmasına və onun effektiv idarə olunmasına, eləcə də qeyri-infeksion xəstəliklərin profilaktikasına dəstək məqsədi daşıyır.

Layihə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Regional İnkişaf İctimai Birliyinin (RİİB), Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) və “Servier Azərbaycan” şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət Himni səsləndirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov insan sağlamlığının rifahın, dayanıqlı inkişafın və səmərəli əmək fəaliyyətinin əsas şərtlərindən biri olduğunu bildirib. Qeyd edib ki, sağlam insan kapitalının formalaşdırılması və qorunması yalnız səhiyyə sisteminin deyil, bütün dövlət qurumlarının və cəmiyyətin ortaq məsuliyyətidir.

Fərid Nəcəfov vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi insan resurslarının inkişafına əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların sağlamlığının və rifahının qorunması baxımından da yanaşır. O, bu kontekstdə “Hədəf 130/80” layihəsi çərçivəsində Nazirliyin mərkəzi aparatı və tabeli qurumlarında mərhələli şəkildə maarifləndirmə və profilaktik müayinə tədbirlərinin keçiriləcəyini bildirib.

İSİM-in direktoru Səbinə Babazadə qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında profilaktik tədbirlərin və əhalinin maarifləndirilməsinin mühüm rol oynadığını bildirib. Qeyd edib ki, ürək-damar xəstəlikləri, şəkərli diabet və digər qeyri-infeksion xəstəliklərin riskini azaltmaq üçün sağlam qidalanma, fiziki aktivlik və arterial təzyiqin müntəzəm ölçülməsi vacibdir. Səbinə Babazadə İSİM tərəfindən aparılmış STEPS tədqiqatının nəticələrinə toxunaraq əhali arasında bəzi xəstəliklər və onların risk amilləri barədə məlumatlılığın artırılmasına ehtiyac olduğunu bildirib. Mərkəzin hazırladığı sağlamlıq mövzulu mobil tətbiqlərin də bu istiqamətdə maarifləndirmə vasitəsi kimi istifadə oluna biləcəyini qeyd edib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Yasmin Rüstəmova ürək-damar xəstəliklərinin dünyada və Azərbaycanda ölüm və əlilliyin əsas səbəblərindən biri olduğunu vurğulayıb. O bildirib ki, yüksək arterial təzyiq miokard infarktı və insultun başlıca risk amillərindəndir. Qanda şəkər və xolesterin səviyyəsinin yüksəlməsi, artıq çəki və piylənmə də ürək-damar xəstəliklərinin yaranma riskini artırır. Bu baxımdan xəstəliklərin müalicəsi ilə yanaşı, onların vaxtında aşkarlanması və profilaktikasına xüsusi diqqət yetirilməlidir.

Layihənin rəhbəri Ülvi Mirzoyev layihənin iki əsas istiqamət üzrə həyata keçirildiyini qeyd edib. Bunlar əhali arasında maarifləndirmə işinin aparılması, eləcə də tibbi personalın arterial hipertenziyanın aşkarlanması və idarə olunması üzrə bilik və bacarıqlarının artırılmasıdır. Arterial təzyiqin nəzarətdə saxlanılması ürək-damar xəstəliklərinin, əlillik və ölüm hallarının azaldılmasına mühüm töhfə verə bilər.

“Servier Azərbaycan” MMC-nin direktoru Rişad Təhməzov isə layihənin beynəlxalq təcrübəyə əsaslandığını, müxtəlif ölkələrdə həyata keçirildiyini diqqətə çatdırıb. O, arterial hipertenziyanı ciddi ictimai sağlamlıq problemi kimi xarakterizə edərək, yüksək təzyiqin vaxtında aşkarlanmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları üçün skrininq və maarifləndirmə aksiyası da təşkil olunması nəzərdə tutulur. Aksiya zamanı İSİM-in ekspertləri tərəfindən əməkdaşların arterial təzyiqi və bədən çəkisi ölçüləcək, müvafiq sorğular aparılacaq, sağlam həyat tərzi və ürək-damar xəstəliklərinin profilaktikası ilə bağlı tövsiyələr veriləcək.