• Ana səhifə
  • Xəbərlər
  • Nazir müavini Sarvan Cəfərov Gədəbəydə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Nazir müavini Sarvan Cəfərov Gədəbəydə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov iyunun 25-də Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, təsərrüfat suyu ilə təminat, qışlaqlarda suvarma və elektrik enerjisi ilə təminata köməklik göstərilməsi, biçin prosesinə dəstək və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra Sarvan Cəfərov Söyüdlü və Slavyanka kəndlərində taxıl sahəsinə, tərəvəz əkinlərinə, arıçılıq təsərrüfatına baş çəkib, fermerlərlə görüşüb. Görüşlərdə rayonun aqrar potensialının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.