• Ana səhifə
  • Xəbərlər
  • Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Zərdabda vətəndaşları qəbul edib, təsərrüfatlara b...
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Zərdabda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iyunun 27-də Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zərdab və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən təsərrüfatların azad olunmuş ərazilərdəki yaylaqlara köçürülməsi, təsərrüfat suyu ilə təminat, barama tədarükü və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir müavini qəbuldan sonra Zərdab DAİM-in kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyan prosesi ilə maraqlanıb.

Qəbuldan sonra nazir müavini pambıq sahələrinə baş çəkib, əkinlərin vəziyyəti, aqrotexniki qulluq tədbirləri, gübrə və pestisid təminatı ilə maraqlanıb, fermerlərlə pambıqçılığın inkişafı, dövlət dəstəyi mexanizmləri barədə söhbət aparıb. Fermerlərin təklifləri qeydə alınıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.