Oğuzda reallaşdırılan aqrar layihələrə baxış keçirilib

“Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətini öyrənmək və yerli sahibkarların təşəbbüsü ilə reallaşdırılan layihələrlə tanış olmaq məqsədilə Oğuz rayonunda növbəti monitorinq keçirilib.

Monitorinq zamanı Prezident Administrasiyasının məsul əməkdaşları, rayon rəhbərliyi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi qarğıdalı emalı və qlükoza istehsalı, heyvandarlıq, ət istehsalının artırılması, həmçinin balıqçılıq təsərrüfatının yaradılması istiqamətində həyata keçirilən layihələrə baxış keçiriblər.

Fermer və sahibkarlarla keçirilən görüşlərdə onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları çətinliklər öyrənilib, təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən aqrar sahənin inkişafı üçün yaradılmış imkanlardan - subsidiyalardan, güzəştli kreditlərdən və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb. Qeyd olunub ki, ət istehsalının artırılması, intensiv bağçılığın genişləndirilməsi, heyvandarlığın inkişafı, eləcə də yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl davam etdiriləcək.

Səfər çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə iclas keçirilib.

İclasda Dövlət Proqramının rayon üçün əhəmiyyətindən, aqrar sektorun mövcud vəziyyətindən və qarşıda duran vəzifələrdən danışılıb, rayonda icra olunan layihələr, istehsal və emal imkanları barədə məlumat verilib. Bildirilib ki, proqram məhsuldarlığın artırılması, müasir və rəqabətqabiliyyətli təsərrüfatların qurulması, eləcə də yeni aqrotexnologiyaların tətbiqi baxımından mühüm hədəflər müəyyən edir. Diqqətə çatdırılıb ki, yerli xüsusiyyətlər nəzərə alınmaqla kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi və fermerlərin fəaliyyətinin genişləndirilməsi əsas prioritetlərdəndir.

Müşavirədə irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, Dövlət Proqramı çərçivəsində görülən işlər, mövcud çətinliklər və gələcək planlar ətrafında müzakirələr aparılıb. Sahibkar və fermerlər üçün nəzərdə tutulan dövlət dəstəyi mexanizmləri və güzəştli maliyyələşdirmə imkanları barədə ətraflı məlumat verilib.

Sonda vurğulanıb ki, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, müasir texnologiyaların tətbiqi və yeni investisiya layihələrinin reallaşdırılması Oğuz rayonunda yerli istehsalın və məşğulluğun artmasına, ümumilikdə isə rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasına mühüm töhfə verəcək.