• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qaxda vətəndaşları qəbul edib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qaxda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov iyunun 28-də Qaxda Qax və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların əsas müraciətləri son günlər Şəki-Zaqatala regionunda, o cümlədən Qax rayonunda baş verən güclü yağış və dolu nəticəsində təsərrüfatlara dəyən zərərlər, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin subsidiyaların ödənilməsi, əkin sahələrinin sığortalanması ilə bağlı olub.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verilib.

Fuad Sadıqov qeyd edib ki, sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə əkin sahələrini sığorta edə bilərlər, belə sahələrə dəyən zərərlərə görə, sığorta ödənişi edilir. Fond rəhbərliyi bölgədə baş verən təbiət hadisələrini xatırladaraq fermerləri öz sahələrini sığortalamağa çağırıb.

Qəbuldan sonra Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Qax rayonunun Güllük və Zaqatala rayonunun Muxax kəndlərində zərər çəkmiş təsərrüfatlarda olaraq əkinlərə baxıb və fermerlərlə söhbət edib. Bildirilib ki, güclü dolu Güllük kəndindəki qarğıdalı, taxıl və fındıq sahələrinə zərər vurub. Zaqatalada isə təbiət hadisələri meyvə bağlarına zərər yetirib.

Fond rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.