• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Siyəzəndə vətəndaşları qəbul edib, təsərrü...
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Siyəzəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli iyunun 28-də Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Siyəzən rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, ərzaqlıq buğda proqramına qoşulma və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, yazlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Azad Cəfərli rayonun Kiçik Həmyə kəndində taxıl və qarpız sahələrinə, Yenikənd kəndində qaragilə bağına baxış keçirib, fermerlərlə görüşüb. Görüşlərdə taxılçılığın inkişafı, istixana şəraitində ting və meyvə yetişdiriciliyi, meyvə bağlarında düzgün aqrotexniki qulluq edilməsi, taxıl biçini prosesinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub. Aqrar sahənin inkişafı ilə bağlı fermerlərin təklifləri qeydə alınıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.