Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə tətbiq edilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək. Bu, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı»nda nəzərdə tutulur.
Proqrama əsasən dövlət dəstəkli aqrar sığorta mexanizminin əhatə dairəsi və əhatə etdiyi risklərin sırası daha da genişləndiriləcək. Nəticədə aqrar sığortanın əhatə etdiyi əkinlərin sahəsi 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektara çatdırılacaq, kənd təsərrüfatı heyvanlarının sayı isə 7 min başdan, 100 min başa qaldırılacaq.
Aqrar sığortanın əhatə dairəsinin də genişləndirilməsi gözlənilir. Bu məqsədlə aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və risklərin tərkibinin bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi istiqamətində təkliflər hazırlanacaq. Bundan başqa “Aqrar sığorta” informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi, müstəqil aqrar sığorta ekspertləri institutunun inkişaf etdirilməsi nəzərdə tutulur.
Nəticədə aqrar sığorta xidmətlərinin tam elektronlaşdırılması təmin ediləcək, fermerlərin sığortaya əlçatanlığı artacaq, sığorta ödənişlərinin operativliyi təmin ediləcək.
Bundan başqa, aqrar sığorta haqlarının dövlət hesabına ödənilən hissəsinin subyektlərə, predmet və risklərə münasibətdə diferensiallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə dövlət dəstəyinin diferensiallaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və aqrar sahədə diferensiallaşdırılmış sistemə keçidə başlanılması gözlənilir.
Qeyd edək ki, fermerlər rəqəmsal imkanlardan istifadə etməklə, olduğu yeri tərk etmədən əkin sahəsini və ya təsərrüfatını sığortalaya və «ASAN Pay» ödəniş sistemi ilə sığorta haqqını ödəyə bilər.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
01 Oktyabr 2026
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026