Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, Nazirliyin fəaliyyəti, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahənin inkişafına və bu sahədə yüksək texnologiyaların tətbiqinə xüsusi önəm verilir.
Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Bunu əsas gətirən nazir Məcnun Məmmədov yüksəkixtisaslı mütəxəssislər hazırlayan, ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilən Bakı Dövlət Universiteti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub.
Rektor Elçin Babayev öz növbəsində ali təhsil müəssisəsinin maddi-texniki bazası, əmək bazarı üçün mütəxəssislərin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılması, universitetdə aparılan elmi-tədqiqatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, dünya standartlarına uyğun çoxprofilli fasiləsiz təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı pedaqoji, mühəndis-texniki və elmi mütəxəssislərin hazırlanması əsas məqsədlərdəndir.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyi və Bakı Dövlət Universiteti arasında kadr potensialının gücləndirilməsi, elmi tədqiqat, istehsalat sahəsində əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Tərəflər təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın aqrar sektorun inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını vurğulayıblar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024