Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.
Layihə çərçivəsində qadın fermerlərlə növbəti görüş Goranboy rayonunda baş tutub. Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Rafət Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və AFAQ layihəsinə qoşulmuş qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər AFAQ layihəsinin regionlarda yaşayan qadın fermerlərin inkişafında böyük əhəmiyyəti olduğunu vurğulayıblar. Layihə çərçivəsində baş tutan dəstək tədbirləri ailə təsərrüfatlarının inkişafı ilə yanaşı, regionların sosial-iqtisadi potensialını da artırır.
AFAQ layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Goranboy rayonunun Boluslu, Fəxralı, Məşədiqaralar və Xan Qərvənd kəndlərindən olan və layihələrə müraciət edən qadın fermerlər faydalanıblar. Təsərrüfat fəaliyyətlərini inkişaf etdirmək istəyən qadın fermerlər üçün heyvandarlıq və quşçuluq sahələri üzrə mütəxəssislər tərəfindən təlimlər keçirilib. Həmçinin müraciətçi qadınlar İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Smart Xanım” layihəsi ilə tərəfdaşlıq çərçivəsində kouçinq sessiyasına da cəlb olunublar.
Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər. Layihənin mərhələlərini uğurla tamamlayan 15 təsərrüfat sahibi əvvəlcədən aparılan qiymətləndirmə sorğularına əsasən təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (dən üyüdən avadanlıq, ot doğrayan avadanlıq, arı yeşikləri, bal süzən avadanlıq və s.) ilə təmin olunublar.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 112 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026