Yanvar ayının ilk günlərindən başlayaraq Ağcabədi rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, Ağcabədi rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Tədbirlər Ağcabədi Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.
İdarə cari ilin müvafiq dövrü ərzində Ağcabədi rayonunda 87745 baş iribuynuzlu, 219987 baş xırdabuynuzlu və 1664 baş təkdırnaqlı heyvanda qarayara, 332760 baş xırdabuynuzlu heyvanda çiçək, 6338 baş sahibli itdə quduzluq, 10202 baş iribuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 203200 baş (“H” ştammı ilə) quş və 520200 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl, 1200 baş xırdabuynuzlu, 3655 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Ağcabədi rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında həm də dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri icra edilir. Artıq 83868 baş iribuynuzlu və 264829 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Ağcabədi Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 86358 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 42 baş iribuynuzlu heyvandan, 49 baş ana qoyundan, 299 baş qoçdan qan alınaraq seroloji, eləcə də 129 baş ev quşu “quş qripi”nə, 3137 baş iribuynuzlu heyvan vərəmə və 220 baş at manqo xəstəliyinə görə diaqnostik müayinə edilib.
Ağcabədi rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonrada peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024