Aqrar Tədqiqatlar Mərkəzində “Kənd təsərrüfatının davamlı inkişafı: qlobal çağırışlar və Azərbaycanda həyata keçirilən islahatlar” adlı on-line elmi-praktiki konfrans keçirilib. Konfransda “Aqrar sahədə resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi”, “Torpaq və su ehtiyatlarının qorunması və yaxşılaşdırılması”, Kənd yerlərində iqtisadi inkişaf səviyyəsinin və sosial rifahın yüksəldilməsi”, “İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının inkişafı” və “Kənd təsərrüfatının davamlı inkişafını təmin edən mexanizmlərin təkmilləşdirilməsi” mövzularında müzakirələr aparılıb.
Kənd təsərrüfatı naziri cənab İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir. Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı sahəsində işlər görülür: “Bilirsiniz ki, kənd təsərrüfatının qarşısında duran əsas məsələ davamlı inkişafa nail olmaqdır. Gələcək nəsillərin tələbatını ödəmək qabiliyyətinə xələl gətirməmək şərti ilə kənd təsərrüfatı istehsalının artırılması həm də mövcud təbii ehtiyatların və ekosistemlərin qorunmasını tələb edir”.
Nazir kənd təsərrüfatında davamlı və dayanıqlı inkişafa nail olunmasında, ekoloji tarazlığın qorunmasında innovativ texnologiyaların rolunu xüsusi vurğulayıb.
Konfransda çıxış edən konfransda Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, aqrar sektorun davamlı inkişafı həm də müvafiq qanunların qəbulunu, hüquqi bazanın yaradılmasını zəruri edir: “Yeni dövr yeni reallıqlar yaradır. Torpaq və su resurslarının vəziyyəti, iqlim dəyişiklikləri, toxum məsələləri, insan amili, işğaldan azad olunan torpaqlarımız - bunlar artıq yeni reallıqlardır. Yeni reallıqlar isə yeni yanaşma, yeni qanunlar tələb edir, eləcə də mövcud qanunlara əlavə və dəyişiklikləri vacib edir”.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakkənd təsərrüfatının davamlı inkişafı sahəsində qlobal çağırışlara uyğun olaraq Azərbaycanın beynəlxalq qurumlarla, xüsusən də FAO ilə uğurlu və səmərəli əməkdaşlığından danışıb. O vurğulayıb ki, Azərbaycan yeni qlobal çağırışlara çevik reaksiya verən və üzərinə götürdüyü öhdəlikləri layiqi ilə yerinə yetirən ölkələr sırasındadır. Mələk Çakmak, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin FAO ilə birlikdə həyata keçirdiyi önəmli layihələrdən bəhs edib.
Konfransın növbəti məruzəçisi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı olub. O, çıxışında diqqəti əsasən idarəetmənin təkmilləşdirilməsinə, yeni texnologiyaların tətbiqinə yönəldib: "Azərbaycanda aqrar sahənin davamlı inkişafı həm 10 illik yeni inkişaf strategiyasında, həm də post-konflikt quruculuğu sahəsində hazırlanan sənədlərdə öz əksini tapır. Aqrar sahə yeni torpaq, su və digər resursların dövriyyəyə cəlb edilməsi ilə yanaşı, həm də idarəetmənin təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi, yüksəkixtisaslı kadrların sahəyə cəlbi və bazarlara çıxışın artırılması ilə davamlı inkişafını təmin edə bilər. Aqrar sahə ərzaq və qida təhlükəsizliyi, regional inkişaf, məşğulluq və qeyri-resurs iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir".
AMEA-nın vitse-prezidenti İradə Hüseynova qeyd edib ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq, bu zaman da həm də ekoloji tarazlığı qorumaq üçün innovativ texnologiyalardan geniş istifadə edilməlidir.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov rəhbərlik etdiyi təhsil ocağında aqrar elmin inkişafı sahəsində görülən işlər barədə geniş məlumat verib, son illər həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində ölkədə aqrar elmə yanaşmanın dəyişdiyini vurğulayıb.
Sonda Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə işğaldan azad olunan torpaqlarda kənd təsərrüfatının bərpası planları barədə məlumat verib. Direktor post-konflikt dönəmində kənd təsərrüfatının bərpası yönündə beynəlxalq təcrübəyə diqqət çəkib, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı istehsalının potensialına dair proqnozları əks etdirən təqdimatla çıxış edib.
Konfransda aqrar sahə ilə bağlı akademik dairələrin təmsilçiləri, mütəxəssislər, eləcə də gənc alimlər mövzular ətrafında müzakirələr aparıblar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024