Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsinin iştirakı ilə “Bakı Taxıl Terminalı” MMC-nin istehsal və saxlanılma yerlərində 34 min m3 ərazidə fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata kecirib.
Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr 260 nömrəli qərarı ilə təsdiq edilmiş ‘’Azərbaycan Respublikası ərazisində karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydası’’na uyğun olaraq həyata keçirilir. Fumiqasiya tədbirləri AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən aparılır və xüsusi təhlükəli maddələr olduğuna görə qeyri-dövlət fitosanitar subyektləri tərəfindən bu tədbirlərin aparılmasına yol verilmir.
Fumiqasiya (latın dilində fumigo- tüstü vermək) – zərərsizləşdirmə növü olub, zərərvericilərin və bitki xəstəlik törədicilərinin zəhərli buxar və ya qazlarla (fumiqantlar) məhv edilməsidir. Fumiqantlar maye, qaz və bərk formada olur. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə yüksək səmərə almaq mümkündür. Hazırda dünya təcrübəsində əsasən fosfin qazından istifadə edilir.
Bitki və bitki mənşəlli məhsulların, elevatorların tədarük bazalarının, konteynerlərin, fabriklərin, taraların və karantin nəzarətində olan digər materialların fumiqasiya edilməsi təxirə salınmaz tədbırlərdən sayılır. Dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir.
Hazırda 400 növdən artıq anbar zərərvericisi mövcuddur. FAO-nun məlumatına əsasən, hər il anbar zərərvericiləri 65 mln. ton ərzaqlıq və toxumluq dən itkisinə səbəb olur. Bu məhsulla 135 mln. insanı və ya bütün Afrika qitəsinin əhalisini qidalandırmaq olar. Zərərvericilərlə sirayətlənmiş anbarlarda saxlanılan məhsulun çəkisi azalır, keyfiyyəti aşağı düşür, toxumların cücərmə faizi azalır, məhsul müxtəlif mikroflora ilə çirklənir. Zədələnmiş məhsulda kif göbələkləri məskunlaşır, bu tip göbələklər zərərli konserogen maddələr ifraz edir. Belə məhsulları nə qida, nə yem, nə də toxum kimi istifadə etmək olmaz.
Respublika ərazisində karantin və xüsusi təhlükəli orqanizimlərin yayılmasının qarşısını almaq məqsədi ilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirləri təlimata uyğun həyata keçirilir. Bakı şəhərində istehsal və saxlanma yerləri, Şəki, Oğuz, Bərdə, Qobustan, Ağdam, Ağcabədi, Beyləqan, İmişli rayonlarında toxumçuluq təsərrüfatlarının anbarları fumiqasiya edilib.
Qeyd edək ki, 2019 ci-ilin 5 ayı ərzində Fumiqasiya dəstəsi tərəfindən 205940 m3 istehsal və saxlanma yeri, 95500 m3 meşə materialı, 85423.35 ton dənli və paxlalı bitkilər, texniki yüklər və s fumiqasiya edildiyi halda, 2019-cu il 5 ayı ərzində Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən sahibkarların müraciəti əsasında 485096 m3 istehsal və saxlanma yeri, 165061.7 m3 meşə materialı, 160301.07 ton dənli və paxlalı bitkilər, texniki yüklər və s. fumiqasiya edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım deməkdir.
Hazırda fumiqasiya (zərərsizləşdirmə) tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024