Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) yay fəsli ilə əlaqədar heyvanlar arasında günvurma hadisələri ilə bağlı xəbərdarlıq edir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda günvurma kəskin formalı xəstəlik olub bilavasitə Günəşin düz şüalarının heyvanın baş beyinə təsiri nəticəsində mühüm mərkəzlərin pozulması ilə səciyyələnir. Xəstəliyə bütün heyvanlar tutulur, atlar daha həssasdır.
Heyvanlar uzun müddət qızmar Günəş altında saxlandıqda Günəşin düz şüaları baş beyin və onurğa beyində yerləşmiş mərkəzləri fəaliyyətdən salır. Heyvanların uzun müddət istirahətsiz ağır işdə işlədilməsi, içməli suyun çatmaması, piylənmə, ürək-damar sistemində qüsurlar, heyvanın başı aşağı çox bağlı saxlanması kimi hallar günvurma xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Uzun müddət tövlədə saxlanıb az hərəkət edən, habelə şimal ölkələrindən gətirilmiş heyvanlar günvurmaya daha tez məruz qalır.
Günvurma zamanı əvvəlcə heyvanda ümumi zəiflik, həyacanlanma, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formada olduqda heyvan özündən gedib yıxılır, bəbəkləri genəlir, refleksləri kəskin surətdə zəifləyir.
Ürək-damar və tənəffüs sistemi üzvlərində dəyişiklik əmələ gəlir: selikli qişalar sianozlaşır, nəbz dalğaları kiçilir, damarlar qanla kifayət qədər dolmur, ürəyin ritmi pozulur, tənəffüs tezləşir və aritmiya müşahidə olunur. Xəstəyə vaxtında müvafiq baytar yardımı göstərildikdə 2-3 saat ərzində ürək-damar və tənəffüs sistemlərində mövcud olan pozğunluqlar tədricən aradan qalxır, lakin heyvanda ümumi zəiflik hələ bir neçə gün davam edir. Əks halda, müalicə aparılmadıqda və günəşin düz şüalarının təsiri aradan qaldırılmadıqda heyvanda koma halı başlayır: heyvan yerə yıxılır, reflekslər itir, qıcıqlara cavab vermir, qeyri-iradi olaraq sidik və nəcis ifraz edir, tənəffüs çətinləşir, nəbz zəifləyir və miqdarı azalır. Başın və bədənin dərisi isti və quru olur. Komatoz halında ürək-damar və tənəffüs mərkəzlərinin iflici ölümə səbəb olur.
Xəstə heyvanı ayırıb sərin və kölgə yerdə (binada) saxlamaq , baş nahiyəsinə soyuq su tökmək, soyuq islatmalar, buz torbası qoymaq lazımdır. Damarların tonusunu qaldırmaq və tənəffüs mərkəzini oyatmaq üçün lazımı preparatlar təyin edilərək müalicə işləri aparılmalıdır.
Xəstə heyvanın yemlənmə və bəslənməsinə diqqət yetirməli, ona əsasən asan həzmə gedən yemlər təyin etmək lazımdır.
Heyvanları isti vaxtı, günün altında saxlamamaq, yayda sərin su ilə təmin etmək lazımdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, isti hava şəraiti dövründə kənd təsərrüfatı heyvanları və ev quşları arasında qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi zəruridir. Eləcə də fermerlərə tövsiyə edir ki, heyvanları günün isti vaxtlarında (saat 11:00-dan 17:00-dək) günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun kölgəliklərdə saxlamaq, baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında çimizdirmək, iribuynuzlu damazlıq heyvanları sərinləşdirici vasitələrdən istifadə edərək temperatur rejimini tənzimləməklə, yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.
Quba şəhərində “Kod: Könüllü” layihəsi baş tutub
28 Aprel 2025
Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
28 Aprel 2025
Aqrar Tədqiqatlar Mərkəzində Doktorantura Proqramı ilə bağlı təqdimat keçirilib
25 Aprel 2025
Nazir müavini Elçin Zeynalov Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin, elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub
25 Aprel 2025
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
25 Aprel 2025