Arı ailəsinin qışa hazırlanması arıların aktiv fəaliyyətə başladığı yaz və payız mövsümündən başlanır. Belə ki, köhnə, qaralmış və kiflənmiş şanlar çıxdaş edilir və arılara yenisi hördürülür. Yayda ana dəyişdirilir, ailə qüvvətləndirilir, qış üçün yem ehtiyatı yaradılır. Arı xəstəliklərinə qarşı mübarizə aparılır və profilaktiki tədbirlər həyata keçirilir.
Payızda uçuş keçirmiş cavan arılar yazdakı sürfələri yemləndirmək üçün potensial imkanlara malik olurlar. Payızda saxlayıcı yem toplanması ananın yumurta qoymasını stimullaşdırır.
Qışı soyuq keçən rayonlarda arılar binalarda qışlayırlarsa, həmin binalar yayda təmir edilib qaydaya salınır.
Yüksək məhsuldar arı ailəsi yetişdirmək üçün kompleks tədbirlər: qışlamaya qədər arı ailəsini qüvvətləndirmək və qışlamanı uğurla başa vurmaq; yaxşı yemləmə, saxlanma, ilk yaz balverən bitki sahəsində arıxananın düzgün yerləşdirilməsi, ananın yumurtaqoyma fəaliyyətini sürətləndirmək üçün mümkün olan bütün bioloji imkanlardan istifadə etmək; təbii beçəvermənin qarşısını almaq; yuvanı vaxtaşırı təmizləmək; yaxşı məhsuldar arı ailəsindən seçib artırmaq; ananı məhsuldar ana ilə dəyişmək; sistematik olaraq az məhsuldar və xəstə ailələri çıxdaş etmək; profilaktik tədbirlərə əməl etmək; il ərzində arılara xidmət üzrə işlərin vaxtında və keyfiyyətlə görülməsindən ibarətdir.
Ananın dəyişməsi. Arı ailəsi cavan iri ana ilə qoca analıya nisbətən qışlamanı daha yaxşı keçirirlər. Ananın keyfiyyətli olduğu şandakı sürfələrin (şanda sürfənin sıx yaxud seyrək olması) miqdarı və yerləşməsilə müəyyən edilir. Orta hesabla ana arı iyun ayında sutka ərzində 1500-ə qədər yumurta qoyur. Bu göstərici ananın tələblərə cavab verdiyini müəyyən edir. Keyfiyyətsiz ana arı ailəsi inkişaf etməyə başlamazdan əvvəl dəyişdirilir. Gecikmiş halda anasız qüvvəli ailəyə kiçik ailəcikdə saxlanan mayalanmış ana verilir.
Ailənin gücləndirilməsi. Əsas bal toplanışı dövründə ana yumurtaqoymanı azaldır. İyulun ortalarından başlayaraq balla dolmuş çərçivələr yuvadan çıxarılır və əvəzində onların yerinə ana yumurta qoya biləcək şanlı (hörülmüş) çərçivə, yaxud süni şan çəkilmiş çərçivə qoyulur.
Bu işlər xüsusilə Bozdağ Qafqaz cinsli analı ailədə vacibdir. Çünki, bu arılar intensiv işləyərək tezliklə yuvanın bala olan hissəsində şanları balla doldurur və ana yumurta qoymanı məhdudlaşdırır.
Bu dövrdə keyfiyyətcə yeni nəsil “qış arıları” yetişir. Onların orqanizmində 18-20 günə ehtiyat qida maddələri toplanır. Bunun hesabına da onlar yay arılarına nisbətən çox yaşayırlar.
Həmin vaxt yuvaya saxlayıcı nektar və çiçək tozunun gətirilməsi bu prosesi gücləndirir. Saxlayıcı gəlir olmadıqda arılar çiçəkli sahəyə köçürülür, yaxud onlara bal-küləm qarışıqlı yem verilir. Bu məqsədlə onlara qatı (1:1) şəkər şərbətindən hər gün arı ailəsinə 0,3-0,5 l verilir.
Qış üçün arıların qüvvətləndirilməsində sağlam donor ailədən və çıxdaş ediləcək ailədən götürülmüş sürfələr böyük rol oynayır. Belə ailədə hər 10 gündən bir sürfəli çərçivələr götürülərək qışlamaya qoyulacaq ailələrə verilir. Donor ailədən sonuncu sürfəli şan götürüldükdən sonra arılar başqa boş pətəyə çırpılır və orada onlar tələf olurlar. Bu yolla qışlamaya gedən arı ailəsi 10-12 çərçivə aralığınadək qüvvətləndirilir və qocalmış arılardan azad olurlar.
Əsas payız yoxlanışı zamanı arı yuvası yem ehtiyatı ilə komplektləşdirilir. Yuvada 18-20 kq (onun bir hissəsi şəkər şərbəti ilə əvəz edilir) gəzəngi qarışığı olmayan bal, 2 çərçivəyədək güləm saxlanılır. Yuva isidilir. Yaz dövründə hər arı ailəsi üçün 5-7 kq bal şanda saxlanılır.
Yemin keyfiyyətinin yoxlanması. Arılar onlar üçün təbii yem olan balla yaxşı qışlayırlar. Belə yem yüksək keyfiyyətli olmalıdır: tərkibində gəzəngi olmamalı və şanda xarlanmamalıdır.
Keyfiyyətli yem əsas gəlir dövründə tədarük edilir və lazım olan miqdarda şanlarda qış üçün saxlanılır. Balın tərkibində olan gəzəngi baytarlıq laboratoriyasında, yerlərdə əhəng suyu, yaxud spirt reaksiyası ilə müəyyən edilir. Analiz üçün bal nümunəsi yuvanın müxtəlif yerlərindən götürülür.
Əhəng suyu reaksiyası. Məxbərə tökülmüş bal nümunəsinin üstünə özü qədər (1:1) distillə su töküb duruldulur və onun da üstünə bir o qədər də əhəng suyu əlavə edib qarışdırılır, qaynayana qədər qızdırılır. Əgər balın tərkibində gəzəngi varsa, məhlulun rəngi bulanlıqlaşır və köpüklər əmələ gəlir, sonra isə çöküntü verir.
Əhəng suyu hazırlamaq üçün bir hissə sönməmiş əhəng və bir hissə üstünə su tökülür. Məhlul 12 saat saxlanılır. Sonra üstdəki duru su ehtiyatla şüşə qaba süzülür və reaksiya üçün istifadə edilir.
Spirt reaksiyası. Bal nümunəsi bərabər miqdarda distillə su ilə qarışdırılır və üstünə 8-10 hissə çaxır spirti (etil spirti) tökülür. Qarışığı çalxaladıqda rəngi bulanlıqlaşır və köpük əmələ gəlirsə, bu balın tərkibində gəzənginin olduğunu göstərir.
Xaççiçəklilərdən, günəbaxandan, pambıqdan quraqlıq dövründə toplanmış bal xarlanmaya meylli olur. Buna görə də belə bal süzülür və əvəzində arılar şəkər şərbəti ilə yemləndirilir.
Yuvanın hazırlanması. Əsas bal yığımı başa çatdıqdan sonra, yuvada 3 çərçivə möhürlü sürfələr olduqda (avqustun ikinci yarısında) yuva qışa hazırlanır.
Pətəkdə üstü arılarla sıx olan şanlar saxlanılır. Hər bir şanda 2 kq-dan az bal olmamalıdır. 8-9 çərçivə aralığı arıya 18-20 kq yem, o cümlədən 2-3 ballı-güləmli şan olmalıdır. Balla dolu ağ şanlar yazadək saxlanılır.
Çoxgövdəli pətəklərdə arılar payızda və qışda iki gövdəli pətəklərdə saxlanılır. Yuxarıdakı şanlar əsas bal toplama dövrü dolub möhürlənmiş yem üçün qoyulmuş şanlar, aşağı gövdədə isə az ballı və ballı-güləmli şanlar yerləşdirilir.
Şəkərlə yemləmə. Arıların yuvası hazırlandıqdan sonra, yuvada olan keyfiyyətsiz balın bir hissəsi, yaxud yem ehtiyatını tamamlamaq üçün arılar şəkər şərbətilə yemləndirilir. Şərbət 3 hissə şəkər tozu və 2 hissə qaynar sudan hazırlanır. Qarışıq şəkər tam əriyənədək qarışdırılır. Diqqətli olmaq lazımdır ki, şərbət yanmasın.
Qatı sirkə turşusu (essensiya) 0,3 q 1 kq şəkərə qatılır və isti şərbətlə (+36-40°C) yenidən qarışdırılaraq yem qablarında, günün ikinci yarısında, hər dəfə 4-6 l verilir. Lazım gələrsə, şərbət bir sutkadan sonra yenə verilir.
Arı oğurluğuna yol verməmək üçün yemləmədən əvvəl uçuş bacası 2-5 sm-dək qısaldılır, arıların aktivliyi zəifləyən vaxt isə (oktyabr) uçuş bacasına tor çəkilir.
Həmçinin, arı ailəsinin qışlama dövründə bir sıra infeksion xəstəliklərə, o cümlədən hafnioz (paratif-yaşlı arıların qışın axırında və yazın əvvəlində ishalla özünü göstərən yoluxucu xəstəliyi olub, onların tələfatına səbəb olur) xəstəliyinə yoluxmaması üçün arıların qış yem ehtiyatı bol, keyfiyyətli bal və şəkər şərbəti ilə təmin olunmalıdır.
Qışlamada qulluq. Arı ailələri havanın temperaturu +4-5°, nisbi rütubət isə 65-75% olduqda yaxşı qışlayırlar. Optimal şəraitdə 8 və daha çox çərçivə aralığı olan arı ailələri qışlama binasında yuva üstdən isidilmədikdə təkcə üstdən gişlə örtməklə aşağı və yuxarı uçuş bacası açıq qalmaqla da qışlamanı yaxşı keçirirlər. Ayda bir dəfə uçuş bacası ölmüş arılardan təmizlənir.
Açıq havada qışlama. Yanvar ayında orta temperatur +4 °C və yuxarı olduqda arı ailələri küləkdən qorunan yerdə açıq havada saxlanır. Uçuş bacası 3-5 sm-dək qısaldılır. Pətəyin bacasından siçanların girməməsi üçün tədbir görülür.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Qubada vətəndaşları qəbul edəcək
04 Dekabr 2024