28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək. Yerli icra strukturlarının nümayəndələri yarmarkanın təşkilinə, Daxili İşlər Nazirliyinin əməkdaşları isə asayişin qorunmasına öz dəstəyini göstərəcək.
Bu gün yarmarkaya son hazırlıq işləri, tətbiq ediləcək yeniliklər, arıçıları, eləcə də ictimaiyyəti maraqlandıran suallara həsr olunmuş mətbuat konfransı keçirilib. “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, yarmarkada iştirak etmək istəyən arıçıların qeydiyyatı ilk dəfə olaraq onlayn həyata keçirilib: “Fəaliyyətimizdə daim innovativ metodları tətbiq edirik. İlk dəfə olaraq bal yarmarkasında iştirakçıların qeydiyyatını onlayn həyata keçirdik. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və onlara məhsullarını gətirə biləcəyi vaxt barədə məlumat veriləcək. Bal nümunələri 13-24 sentyabr tarixində “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında qəbul olunacaq”.
Yarmarkada satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində bu il ilk dəfə olaraq ştrix-kod olacağını deyən Leyla Məmmədova vətəndaşların bu kod vasitəsilə www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəyini qeyd edib. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək: “Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. İştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər”.
Bal yarmarkasında tətbiq edilən daha bir yenilik isə ondan ibarətdir ki, yarmarkaya gəlmək imkanı olmayan paytaxt sakinləri üçün yarmarka günlərində onlayn sifariş xidməti də təşkil olunacaq. Belə ki, vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq istədikləri məhsulu onlayn şəkildə sifariş verə, ödənişi isə öz ünvanlarında həyata keçirə biləcəklər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev bildirib ki, yarmarkada satışa çıxarılacaq bal və bal məhsulları Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarında ekspertiza olunacaq: “Bal və bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət və təhlükəsizliyinin yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən nümunələr götürüləcək və İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək.”
Qalib Əbdüləliyev bildirib ki, yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarında müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edib, yoxlada biləcəklər.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bu il 20-ci dəfə təşkil ediləcək sərgi-satış yarmarkasının ötənilki yarmarkalardan müsbət yeniliklərlə fərqlənəcəyini vurğulayıb: “Bal yarmarkası biz arıçıların səbirsizliklə gözlədiyi bir satış platformasıdır. Biz inanırıq ki, bu il təşkil ediləcək yarmarkada iştirak edəcək arıçılar öz məhsullarının satışını müvəffəqiyyətlə həyata keçirəcək. Biz də Assosiasiya olaraq vətəndaşlarımıza keyfiyyətli və təmiz bal, bal məhsulları təqdim etmək üçün öz dəstəyimizi göstərəcəyik. Bütün vətəndaşlarımızı keyfiyyətli və qida təhlükəsizliyi qaydalarına uyğun bal almaq üçün yarmarkaya dəvət edirik”.
Bədrəddin Həsrətov vətəndaşları yarmarka ərazisinin yaxınlığında bu və ya digər şəxslər tərəfindən satışa çıxarılacaq arıçılıq məhsullarını almamağa çağırıb.
Xatırladaq ki, vətəndaşların marağının artırılması məqsədilə təşkilatçılar tərəfindən yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər keçiriləcək, yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024