“18 ildir ki, arıçılıqla məşğul oluram. Qazax rayonunda ilk dəfə çiçək tozunu 9 il öncə mən götürmüşəm. Çiçək tozu həşəratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi nəticəsində yaranan arıçılıq məhsuludur”. Bu fikirləri Bakıda keçirilən 19-cu arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, Azərbaycan Arıçılar Assosiasiyasının Qazax rayon şöbəsinin sədri İlqar Həsənov deyib.
Arıçı çiçək tozunun pətəkdən xüsusi aparatla yığıldığını deyir: “İşçi arılar yetişmiş çiçək tozcuqlarını ağız şirəsi ilə yoğurub kündə halına salır, üçüncü cüt arxa ayaqlarında olan qarmağa sancırlar. Bu məhsulla qidalanan arı süfrələrinin kütləsi üç gündə 1500 dəfə artır. Çiçək tozu xüsusi aparatla yığılır və xüsusi temperaturda, polen qurutma aparatında qurudulur”.
İlqar Həsənov arı südünün də toplanma qaydasını izah edib: “Əsasən arı südü istehsal edirəm. Bu mövsümdə 3 kiloqramdan çox arı südü almışam. Arı südü almaq üçün öz təcrübəmi bölüşmək istərdim. Ana arının qoyduğu yumurtadan 3 gün sonra süfrələr çıxır. Həmin süfrəni 3 gün arı südü ilə, həmçinin bol güləm qarışığı ilə yemlədikdə yumurtalardan işçi arı əmələ gəlir. Arıların yeni anaya ehtiyacı olduqda isə süfrələri süd gölündə bəsləyirlər. Başqa heç bir qida vermirlər. Işçi arılar 21 günə yarandığı halda, ana arılar 16 gündə yetişir və formaya çatır. Ana arı yalnız ana südü ilə qidalandığından işçi arıdan 5 gün tez yetişir, iki dəfə böyük olur və 5-6 il yaşayır. İşçi arı yalnız üç gün südlə qidalanır və 40-45 gün ömür sürür. Arı südü zülal və digər qidalı elementlərlə zəngindir və körpə sürfələrin qidalanması üçün əvəzedilməzdir. Pətəkdən arı südü götürmək üçün bir neçə arı ailəsini anasız (yetim) saxlayırıq və onlara ana arı yaratmaq üçün özümüz qabaqcadan hazırladığımız üsküklərə bir günlük süfrə köçürürük. Arılar süfrəni südlə yemləməyə başlayır. 72 saatın tamamında, südün bol vaxtında arılardan südü alırıq və yenidən üsküklərə süfrələr qoyub prosesi davam etdiririk. Arı südü ağ-sarımtıl rəngdə olur, donduqda isə daha sarı rəngə çalır”.
İlqar Həsənov arıçılığın ağır peşə olduğunu deyir: “Arıçılığın sirlərini öyrənmək istəyən hər bir gəncə kömək etməyə hazırıq. Arı südünü çox təəssüflər olsun ki, biz arıçılar istehsal edib satırıq. Buna görə də arı südünü sata biləcəyimiz qədər istehsal edirik. Arı südünü saxlamaq qaydalarına riayət etmədikdə süd bir çox fəsadlar verə bilər. Südü mənfi 15 dərəcədə 18 ayadək saxlamaq mümkündür. Amma bir şərtlə ki, süd hava və günəş şüaları ilə təmasda olmasın. Əks təqdirdə arı südü öz müalicəvi tərkibini və keyfiyyətini itirir. Hazırda satışa çıxardığımız arı südünü termoslarda saxlayırıq. Buna görə də bu arı məhsulunun aptek və marketlərdə satılması mümkün deyil”.
Arıçı satdığı arı südünün insan orqanizminə çox faydalı olduğunu deyir: “Arı südü gümrahlıq gətirir, orqanizmin tonusunu yüksəldir, görməni, yaddaşı, iştahanı, toxuma və hüceyrələrdə mübadilə prosesini yaxşılaşdırır, orqanizmi zəhərli maddələr, toksinlər və ağır metal duzlardan təmizləyir”.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Dekabr 2024
Aqrar İnkişaf Könüllüləri “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nda təltif ediliblər
06 Dekabr 2024
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024