Arıçılıqla bir arı ailəsi ilə başlamışam və artıq 15 ildir ki, bu sahədə çalışıram. Məqsədim qədim Azərbaycan arıçılıq ənənələrini yaşatmaq və tam ekoloji təmiz bal istehsal etməkdir. Bu gün yarmarkaya 12 növ bal və arı məhsulları çıxarmışam. Bunlar çiçək tozu, güləm, vərəmum, vərəmum cövhəri, ölü arı, ölü arının cövhəri, süzmə bal, təbii, ekoloji təmiz, yəni arı toxuyan mum, balın qaymağı, çərçivə balı, may balı, kötük balı və s. bal məhsullarıdır. Mən bir qədər vərəmum sözü haqqında öz fikirlərimi sizinlə bölüşmək istərdim. Cənub bölgəsində bu arı məhsulu dərəmum adlanır. Mən dərəmum sözünün tərəfdarıyam. Çünki, “dərə” qapı deməkdir, yəni qapının mumu anlayışını verir. Vərəmum xalq arasında vərəm xəstəliyinə kömək edən cövhər kimi də tanınır.
Bu fikirləri arıçılıqla məşğul olan Göyçay rayon sakini Samir Muradov söyləyib.
Samir Muradov qeyd edib ki, “Güləm min bir çiçəyin tozudur. Arılar onu öz ayağında gətirər və pətəklərdəki gözlüklərə doldurub üstünə bal töküb mumlayarlar. Qışda arılar mumu aşıb balını yeyirlər. Güləmi isə balla yoğurub balalarına yedizdirərlər. Güləm enerji mənbəyidir. Yüksək proteinli bal məhsuludur. Güləmin qidaya normal və dietik əlavə kimi tətbiq edilməsi öd ifrazını yaxşılaşdırır, mədə-bağırsağın iltihabını azaldır, yuxarı tənəffüs yollarının iltihabı, bronxit, bronxial astma və vərəm kimi xəstəliklərin profilaktikasında vitamin preparatı kimi qəbul olunur. Güləmi “arının çörəyi” də adlandırırlar. Göyçay balı qaratikana görə ən keyfiyyətli baldır.”
Arıçılar təbiətsevər və səbirli olurlar. Qəzəbli, hirsli, aqresiv insan heç vaxt arıçı ola bilməz. Arılar belə insanı tez duyur və ona qarşı təcavüzkar olurlar. Ona görə də arı ilə səbirli işləməlisən.
Samir Muradov qədim arıçılıq ənənələrini yaşatmağın vacibliyini vurğulayıb: “Mən Azərbaycanda arıçılığın qədim ənənələrini , yəni arı ailələrini kötükdə, səbətdə və qayalar arsında saxlamaqla inkişaf etdirmək istəyirəm. Yaşayış məntəqələrində arı saxlamağın tərəfdarı deyiləm. Arılar kötük və səbətdə özlərini doğma evlərindəki kimi hiss edirlər. Buna görə də genetik və irsi olaraq beçəvermə zamanı meşədəki kötüklərin arasında yuva salmağa üstünlük verirlər. Məhz belə bir qədim Azərbaycan ənənənisini biz də onlar üçün yenidən yaşatmaq istəyirik”.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024