Macarıstanda bitki sağlamlığı üzrə beynəlxalq konfrans keçirilir. Konfransda iştirak edən Avropa və Mərkəzi Asiyanın 33 ölkəsinin nümayəndələri ölkə, regional və beynəlxalq miqyasda bitki sağlamlığı məsələlərini müzakirə edirlər. Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının Budapeştdə keçirilən 41-ci sessiyasında Azərbaycanı Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev təmsil edir.
“Hazırda Azərbaycan bitki mühafizəsi istiqamətində vacib addımlar atmaqdadır. Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi layihələr çərçivəsində müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetində “Bitki mühafizəsi” üzrə ixtisasın tədrisinə və yeni kurrikulumla beynəlxalq standarlara uyğun mütəxəssislərin hazırlanmasına başlanıb. Ölkədə ilk dəfə olaraq Azərbaycanda karantin əhəmiyyətli zərərvericilərin atlasını hazırlayıb nəşr etmişik. Daha bir ilkimiz isə zərərvericilərin inteqrir idarə edilməsi üzrə fermerlərə və mütəxəssislərə təlimlər verməyimiz, inteqrir mübarizə üsullarının tətbiqinə başlamağımızdır. Bitkilərin sağlamlığı üçün ətraf mühitə və insanlara zərər vermədən aparılan bu mübarizə üsulları sağlam məhsul əldə etməyimiz üçün əhəmiyyətli addımlardır”, - deyə Mirzə Əliyev konfransda ölkəmizin iştirakını belə şərh edib və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Konfransda zərərvericilər, zərərvericilərlə mübarizə, zərərvericilərin ölkə, region və qlobal miqrasiyasını şərtləndirən məsələlərlə yanaşı, iqlim dəyişikliyi, ticarət, o cümlədən elektron ticarət məsələləri müzakirə edilir. Konfransın yekununda Komissiyanın iştirakçı dövlətlər, eləcə də FAO üçün bitki sağlamlığının qorunmasını təmin edən daha effektiv üsullar, zərərvericilərə və bitki xəstəliklərinə qarşı dayanıqlı metodlar tövsiyə edəcəyi, həmçinin ölkələrin buna hazırlığı ilə bağlı ümumi razılıq əldə edəcəyi gözlənilir. Bu, profilaktika sistemini təkmilləşdirməyə və adaptasiyanı gücləndirməyə, müasir elmi tədqiqatlara əsaslanan bitkiçilik sistemini işləyib hazırlamağa kömək edəcək.
“Kənd təsərrüfatında mövcud olan təcrübələr yenilənməlidir. İqlim amilləri nəzərə alınaraq zərərvericilərlə aparılan mübarizə istehsalın və kənd təsərrüfatı bitkilərinin mühafizəsinin bünövrəsi ola, həmçinin bitkiçilikdə istifadə olunan mikrob əleyhinə preparatların insanlar və heyvanların sağlamlığına yaratdığı təhlükəni azalda bilər”, - deyə Komissiyanın katibi Pyotr Vlodarçik qeyd edib.
Konfransda bildirilib ki, bitki zərərvericilərinin artması və sərhədləri aşmasının risk faktorlarından olan ticarətin və əhalinin hərəkət həcminin artması ilə əlaqədar FAO risklərin dəyərləndirilməsi və epidemioloji nəzarətin həyata keçirilməsi üzrə mövcud metodların yenilənməsinə çalışacaq.
AKİA sədri Mirzə Əliyev konfrans çərçivəsində FAO-nun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə təmsilçisi Vladimir Rahmaninlə görüşüb. Görüşdə FAO-Azərbaycan əməkdaşlığı, Azərbaycanda həyata keçirilən layihələr, konfransın gündəliyində olan mövzularla bağlı Azərbaycanda görülən işlər müzakirə edilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024