Beyləqan Mil Təcrübə Stansiyasında yeni sınaq layihəsi həyata keçirilib. Məqsəd nüvə texnologiyası və digər üsullardan istifadə edilməklə pambıqçılığın inkişafıdır. Layihə çərçivəsində Pakistandan da gətirilən pambıq sortları xüsusi sahə dizaynı ilə əkilib.
2021-2024-cü illərdə Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Xəyalə Dadaşova bildirib ki, layihə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında müqavilə əsasında reallaşdırılır. Pakistandan gətirilən yeddi növ pambıq toxumlarının səpini AEBA ekspertlərinin təklif etdiyi metodlarla aparılır. Xarici sort toxumlar həm də yerli toxumlarla müqayisəli şəkildə əkilib. Sınağın Beyləqanla yanaşı, Ucar və Samux Təcrübə stansiyalarında da aparılması nəzərdə tutulub.
Məqsəd nümayişedici sınaqlar keçirməklə, AEBA-nın ekspertinin təklif etdiyi və hazırda Azərbaycanda tətbiq olunan ənənəvi metodlarla əkilən pambıq sortlarının müqayisə edilməsidir. 1,5 hektar sahədə paralel olaraq bu iki üsulla pambıq toxumları əkilərək nəticələr müqayisə ediləcək. Əgər AEBA-nın ekspertinin təklif etdiyi metodlar nəticəsində pambıq məhsuldarlığında artım olarsa, bu halda həmin üsulun geniş sahəyə tətbiqi planlaşdırılır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatoru Nəzakət İsmayılzadə söyləyib ki, həyata keçirilən layihədə AEBA-nın təklif etdiyi xüsusi sahə dizaynına əsasən, ənənəvi əkin qaydasından fərqli olaraq cərgəarası məsafə 90 santimetr, bitkiarası məsafə isə 10 santimetrdir. Layihədən gözləntilərə gəldikdə, Pakistandan gətirilən, nüvə texnologiyası və digər üsulların tətbiqi ilə əldə olunan toxumları yerli iqlim şəraitinə uyğunlaşdırmaqla məhsuldarlığı artırmaqdır. Bu toxumlar hesabına Pakistanda 55-60 sentner məhsuldarlıq əldə olunub. Eyni hədəfə Azərbaycanda da nail olmaq planlaşdırılır. Sınaqlar uğurlu alınacağı təqdirdə, layihənin daha geniş sahələrdə, təsərrüfatlarda tətbiqi gerçəkləşə bilər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Dilarə Marlamova bildirib ki, ənənəvi qaydadan fərqli əkin aparılır. Bu da bitkilərin aqrotexnikasına müsbət təsir göstərir. Burada hər pambıq koluna demək olar ki, 90 kvadratsantimetr torpaq düşür. Beləliklə, kolların qidalanması üçün daha əlverişli şərait yaranır. Hazırda sınaq üçün əkilən Pakistandan gətirilən toxumlardan məhsuldarlıq gözləntiləri hektar payına 60 sentner və daha çoxdur. Burada digər bir məqsəd isə quraqlığa və susuzluğa davamlı toxumlar əldə etməkdir.
Beyləqanda yerləşən təcrübə sahəsində uzun illərdir pambıqçılığın inkişafı üçün uğurlu sınaqların aparıldığını vurğulayan Mil Təcrübə Stansiyasının direktoru Ramiz Şükürov qeyd edib ki, cari ildə də sınaq əkinləri əsasında yeni yaradılan sortların aqrotexnologiyasının öyrənilməsi üçün yeni növ toxumlar əkilib. Daha bir yenilik isə “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsidir. Əsas məqsəd əldə edilən toxumlardan hibrid sortların yaradılması və məhsuldarlığı artırmaqdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024