Kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınlar Azərbaycan Kənd Qadınları Assosiasiyasında (AKQA) birləşiblər. Ədliyyə Nazirliyində qeydiyyata alınmış Assosiasiyanın martın 5-də təqdimat mərasimi keçirilib.
Tədbirdə 350 qadın fermerlə yanaşı, dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.
Kənd təsərrüfatı naziri İnam Kərimov qadınları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan, fermerlərə yaradılan əlverişli şəraitdən danışan nazir qadınlara müraciətlə deyib: “Aqrar sahənin inkişafı, kənd əhalisinin rifah halının yaxşılaşdırılması üçün atılan hər bir addımda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyinə əmin ola bilərsiniz”.
Qeyd olunub ki, Kənd Qadınları Assosiasiyası ölkədə Qadın İnkişaf Qruplarının milli şəbəkəsi kimi fəaliyyət göstərəcək. Təşkilatlanma hazırda fəaliyyət göstərən qadın qruplarını gücləndirəcək və yeni qrupların yaradılmasına xidmət edəcək. Təşkilatın biznes inkubatorlara dəstək verməsi və rəsmi maliyyə kanallarına çıxışı təmin etməsi də gözlənilir.
“Qadın İnkişaf Qrupları Azərbaycan Kənd Qadınları Assosiasiyası vasitəsilə regional və ölkə səviyyəsində şəbəkələşəcək. Bu, onlara öz bizneslərinin həcmini və miqyasını genişləndirməyə imkan verir. AKQA həm də onlara resurslar tapmaqda və öz məhsullarını satmaqda kömək edəcək. 2019-cu ilin mart ayının sonuna kimi Azərbaycan Kənd Qadınları Assosiasiyasına 500 nəfər kənd qadınını özündə birləşdirən 40 Qadın İnkişaf Qrupunun üzv olması gözlənilir”, – deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.
Assosiasiyanın özəyi olan Qadın İnkişaf Qrupları 2018-ci ilin martından Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində yaradılmağa başlanıb. Qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə bu innovativ modeli Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Dünya Bankı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirir. İndiyədək 361 qadını özündə birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb.
“Qadın İnkişaf Qrupları 10-20 qadından ibarətdir. Bu qruplara maliyyə savadlılığı, biznes və həyat bacarıqları üzrə təlimlər verilir. Bizim dəstəyimizlə İcma Biznes Təbliğatçıları və Kənd Biznes Mütəxəssislərindən təşkil olunmuş dörd biznes inkubatoru yaradılıb və onlar sahədə marketinq araşdırması, uçot aparılması və maliyyə təhlili kimi biznes inkubasiya və inkişaf xidmətləri təklif edirlər. Kəndlərdə qadın qruplarına dəstək göstərmək məqsədilə təlim almış və yüksək biznes bacarıqlarına malik gənclərdən ibarət kadr heyəti yaradılıb”,- deyə AKİA sədri qeyd edib.
“Bizim vəzifəmiz, ilk növbədə, kənd təsərrüfatını inkişaf etdirmək olsa da, kənd yerlərində məşğulluğun artırılması, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə qadınların bütün təşəbbüslərini dəstəkləyirik. Digər tərəfdən, kənd təsərrüfatında mövsümi işlərin çoxluğu müəyyən zamanlarda xeyli asudə vaxt yaradır. Bu müddətdə işlə məşğul olub qazanc əldə etməklə həm də növbəti mövsümdə kənd təsərrüfatına daha çox sərmayə qoymaq imkanı yaranır. Məsələn, şirniyyat evi, təndir, xalça toxuma sexi, inkubator kimi bizneslərlə fəaliyyətə başlamış qadınlar indi qarşılarına aqrobiznes ilə bağlı məsuliyyətli hədəflər qoyub, pambıqçılıq, baramaçılıq, üzümçülük, bağçılıq, eləcə də quşçuluq və heyvandarlıq kimi aqrobiznes sahələrində də özlərini sınayırlar. Fəaliyyətə başlamış olan 30 qadın qrupundan 17-si artıq özlərinin aqrobizneslərini yaradıb”, – deyə Mirzə Əliyev vurğulayıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qadınların məşğulluğunun artırılması istiqamətində dövlətimizin həyata keçirdiyi mühüm tədbirlərdən söz açıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmaz çıxışında bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanların təqribən 50 faizi qadınlardır. Bu baxımdan onların potensialından istifadə etmək günün tələbidir. Bu istiqamətdə FAO və Dünya Bankı Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihələri gələcəkdə də davam etdirəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın sahibkarların fəaliyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən layihələri, görülən işləri təqdir edib.
Statistik rəqəmlərə müraciət edən komitə sədri bildirib ki, hazırda ölkəmizdə ümumi sahibkarların 35 faizini qadınlar təşkil edir. Bu isə dövlətimizin qadın sahibkarlığının inkişafına diqqət və qayğısının bariz nümunəsidir.
Sonra tədbir digər çıxışlarla davam edib.
Tədbir çərçivəsində Azərbaycan Kənd Qadınları Assosiasiyası üzvlərinin əl işlərindən, eləcə də hazırladıqları çörək, şirniyyat və digər məhsullardan ibarət sərgi də təşkil edilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024