Mirzə Əliyev: “Toxum və ting istehsalının təşviqi istiqamətində addımlar atılacaq”
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə ölkədə özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib.
Tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaq və onları ümumi məqsədlərinə çatmaq üçün təşkilatlandırmaqdır. Müşavirədə özəl toxumçularla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı/Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev tədbiri açaraq, ölkədə toxumçuluq və tingçiliyin inkişafının, fermerlərin yerli toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində mühüm addımlardan olduğunu bildirib. Bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənildiyini təəssüflə qeyd edən xidmət rəisi Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxum sektorunun inkişafının strateji hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb.
“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və başqa bu kimi addımların atılması gözlənilir”- deyə Mirzə Əliyev bildirib.
O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mirzə Əliyev əlavə edib ki, istər Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, istərsə də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı və BMT İnkişaf Proqramı ilə yeni icraya başlanan “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihələri üzrə bir sıra işlər görülüb.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum təmizləmə xətlərinin alındığını bildirib.
Tədbir beynəlxalq təşkilatların nümayəndələri və özəl toxumçuların çıxışlarından sonra müzakirələr formasında davam edib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024