Bakıda “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin iştirakçılarının I toplantısı keçirilib. Toplantıya AMAL layihəsində iştirak üçün müraciət etmiş 300-dən çox gənc qatılıb. Mərasimdə açılış nitqi söyləyən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova AMAl layihəsinə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü ilə bir neçə ay əvvəl start verildiyini deyib. Nazir müavini layihəyə regionlarda çox böyük maraq göstərildiyini, qısa vaxt ərzində yüzlərlə gənc kənd təsərrüfatı sahəsində biznes yaratmaq arzusunda olduğunu bildirib. İlhamə Qədimova qeyd edib ki, layihənin coğrafiyası və fəaliyyət dairəsi çox genişdir və bu layihə aqrar sahədə idarəetmə modelinin dəyişməsinə də imkan yaradacaq. Nazir müavini gənclərin uğurlu biznes yaratması işinə hər cür dəstək göstəriləcəyini söyləyib.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev kənd təsərrüfatının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu vurğulayıb, gənclər arasında bu sahəyə olan marağı yüksək qiymətləndirib. Nazir müavini deyib ki, kənd yerlərində məşğulluğun artırılması və işsizliyin aradan qaldırılmasında AMAl layihəsi mühüm rol oynayacaq.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə çıxışında bildirib ki, innovativ layihələrin həyata keçirilməsi üçün gələcəyin fermerlərinə güzəştli kreditlər veriləcək və onlara hər cür dəstək göstəriləcək.
Toplantıda çıxış edən Milli Məclisin deputatları Vahid Əhmədov və Zahid Oruc gənclərin məşğulluq problemlərinin həllində layihənin əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, yeni qəbul edilən “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqrar sahənin aparıcı yer tutur və qarşıya qoyulan vəzifələrin icrasında bu kimi layihələrin əhəmiyyəti böyükdür.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov aqrar məşğulluğun artırılmasında AMAL layihəsinin mühüm rol oynayacağına əmin olduğunu deyib. O bildirib ki, bu kimi layihələr aqrar sahədə yeniliklərin tətbiqini dəstəkləyir, aqrar sahədə innovativ təşəbbüslərin gerçəkləşməsinə dəstək olur. Nadir Adilov AMAL layihəsinin öz ideyalarını gerçəkləşdirmək üçün yeni fürsətlər yaradacağını deyib.
Tədbirdə Bahar Qadın İnkişaf Qrupunun rəhbəri Gülbahar Əmiraslanova, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Proqram, Monitorinq və Qiymətləndirmə üzrə mütəxəssisi Natəvan Aslanova, AMAL layihəsinin iştirakçıları çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüblər.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev AMAL layihəsinin iştirakçılarına uğurlar diləyib. O bildirib ki, AMAL layihəsi kənd təsərrüfatı sahəsində gəncləri dəstəkləyən, Azərbaycanın bölgələrində həyata keçirilən ilk təşəbbüsdür. Layihənin məqsədi kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq mədəniyyətinin təşviqi ilə məşğulluq imkanlarının artırılmasıdır. Mirzə Əliyev bu layihə çərçivəsində gənclərin aqrar sahəyə marağının artacağını, kəndlərdə yaşayan gənclərin fərdi biznes və sahibkarlıq imkanlarının genişlənəcəyini deyib.
Toplantıda “Kənd yerlərində gənclərin məşğulluğu” və “Aqrar sahədə gənclərin məşğulluğunun artırılması üçün yeni imkanlar” mövzusunda sessiyalar keçirilib. Sessiyalardan sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev AMAL-çıların suallarını cavablandırıb.
Toplantı çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov AMAL layihəsinin iştirakçıları ilə görüşüb. Layihə iştirakçılarına uğurlar diləyən nazir bildirib ki, AMAL gənclərin aqrar təşəbbüslərini dəstəkləmək məqsədilə həyata keçirilir: \"Siz gənclər həm də bu layihənin ilk iştirakçılarısınız. Həm dövlətin yürütdüyü gənclər siyasəti, həm bu layihədə iştirak Sizə böyük təcrübə qazandıracaq. Növbəti layihələrdə iştirak edəcək gənclər Sizlərin təcrübələrindən yararlanacaqlar\".
Nazir bildirib ki, layihə çərçivəsində bölgələrdə gənclərə öz aqrar təşəbbüslərini həyata keçirməyə dəstək veriləcək, onlara təlimlər keçiriləcək.
Görüşdən sonra toplantı iştirakçıları xatirə fotosu çəkdiriblər.
AMAL Gənclərinin I toplantısının iştirakçıları həmçinin Pirşağı qəsəbəsində yerləşən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna baş çəkiblər. AMAL-çılar institutda yeni istifadəyə verilən “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin fəaliyyəti ilə tanış olublar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024