Bu xəstəliyə «əzələ distrofiyası», «miopatiya», «əzələlərin mumabənzər degenerasiyası» kimi müxtəlif adlar verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, əzələ ağarması cavan heyvanlarda və quşlarda mineral, zülal, vitamin və karbohidratlar mübadiləsinin pozulması, habelə skelet əzələlərində və ürək əzələsində funksiya, biokimyəvi və morfoloji dəyişikliklərin getməsi ilə səciyyələnir.
Boğazlığın son 2-3 ayında keyfiyyətli yemlərlə kifayət qədər təmin olunmamış ana heyvanların doğduğu balalarda ilk günlərdə və həftələrdə müşahidə edilir.
Əzələ ağarması xəstəliyinə quzular, oğlaqlar, çoşqalar, buzovlar, cücələr, qismən isə dayçalar tutulur.
Etiologiyası. Bu xəstəliyin etiologiyası hələ kifayət qədər öyrənilməyib, lakin əzələ ağarması xəstəliyinin əmələ gəlməsində mühüm rol oynayan amillər boğaz heyvanların bataqlıq və meşəlik yerlərdə otarılması, tərkibində protein, mineral maddələr (kobalt, selen, manqan, yod və s.) və vitaminlər (karotin, A vitamini, E vitamini) az olan saman və otla yemləndirilməsi nəticəsində əmələ gəlir.
Qoyun və quzuları tərkibində E vitamini olmayan yemlərlə yemləndikdə onlarda əzələ ağarması xəstəliyi yarana bilir.
Əzələ ağarması xəstəliyi ilə məşğul olan tədqiqatçıların əksəriyyəti bu fikirdədirlər ki, boğaz heyvanlara verilən yemin miqdarı və keyfiyyəti orqanizmin ehtiyacını ödəmədikdə zülallar, vitaminlər, minerallar və karbohidratlar mübadiləsi pozulur və nəticədə əzələ ağarması xəstəliyi əmələ gəlir.
Mikroelementlərdən selen bu xəstəliyin müalicə və profilaktikasında səmərəli nəticə verdiyinə görə, bəzi müəlliflər onun əmələ gəlməsində selenin rolunun üstün olduğunu göstərir.
Heyvanlar saxlanan binaların dar və rütubətliliyi, ventilyasiyanın saz olmaması kimi pis zoogigiyenik şərait əzələ ağarması xəstəliyinin əmələ gəlməsi üçün şərait yaradan amillərdir.
Patogenezi. Orqanizmdə gedən müxtəlif mübadilənin pozulması nəticəsində birləşdirici toxuma zülalları çoxalır, funksional zülallar isə azalır. Belə hallarda qan serumunda ümumi azotun miqdarı azalır, qalıq azot və polipeptid azot artır, qlobulinlər azalıb, albuminlər çoxalır. Əzələlərdə kreatin kəskin surətdə azalaraq 300—500 mq %-ə enir, lakin qanda və sidikdə kreatin, qan serumunda qeyri-üzvi fosforun miqdarı çoxalır. Bu, əzələ toxumasında dərin struktura dəyişikliyinin getdiyini göstərir.
Patoloji anatomiyası. Heyvanın cəmdəyi çox arıq, anemiyalı olur. Dərialtı toxumada ödem, bir sıra nahiyələrdə serozlu-selikli infiltrat, plevra və qarın boşluğunda transsudat toplanır.
Daha çox fizioloji funksiya daşıyan əzələlər-ətraf, bel, qabırğaarası, çeynəmə və s. əzələlərdə distrofik pozuntu gedir, bərkiyir, ağ rəngli zolaqlar əmələ gəlir və kəsərkən quru olub, bişmiş toyuq ətini xatırladır. Elə buna görə də bu xəstəliyə «əzələ ağarması» adı verilib.
Ürək əzələsində daha səciyyəvi dəyişiklik gedir. Ürəyin, xüsusən onun sağ mədəciyinin həcmi böyüyür, əzələsi nazilir, epikard və endokardda boz-sarımtıl ləkələr və zolaqlar əmələ gəlir, bəzən isə bütün endokardı nekroz ocaqları sarıyır və hətta əzələ qatına da keçir. Ürək əzələsinə qan sızır.
Qaraciyər və böyrəklərdə qan durğunluğu, danəli və yağ distrofiyası əmələ gəlir. Ağciyərlərdə ödem, hiperemiya, kataral irinli pnevmoniya və plevrit əlamətləri müşahidə edilir. Dalağın həcmi böyüyür, yumşalır, kəsərkən albalı kimi qırmızı görünür.
Mədə-bağırsaqda kataral iltihab, beyində ödem və hiperemiya tapılır. Xəstəliyin yüngül formasında yalnız ürək əzələsində və skelet əzələlərində səciyyəvi dəyişiklik gedir.
Əlamətləri. Cavan heyvanlarda əzələ ağarması xəstəliyi kəskin, yarımkəskin və xronik formalarda davam edir..
Bu formalar üçün ümumi zəiflik, yorğunluq, səndələmə, əzələlərin titrəməsi, iflic səciyyəvi əlamətlərdəndir.
Xəstəliyin kəskin forması körpələr yenicə doğularkən baş verir və əlamətlər özünü daha aydın büruzə verir. Ürək əzələsində pozuntu hələ ana bətnindən başladığı üçün ürək fəaliyyəti pozulur, nəbzin sayı 140—200-ə çatır, ürək tonları zəifləyir, birinci ton haçalaşır, ürək kisəsində maye toplandıqda ikinci ton haçalaşır və aritmiya başlayır. Tənəffüs səthi və çətin olmaqla qarın divarı əzələlərinin iştirakı ilə yerinə yetirilir. Əzələlər tonusdan düşür, hətta parez də baş verir. Elə buna görə də arxa ətraflarda parez müşahidə edilir. Belə körpələr yerindən qalxıb anasını əmə də bilmir, 60—90%-i ölür.
Yarımkəskin forma ilə körpələr bir həftəlikdən iki aylığa qədər olan dövrdə xəstələnir. Əlamətlər ləng görünür. Əvvəlcə ürək pozuntusu və skelet əzələlərinin zədələnməsi əlamətləri müşahidə edilir. Heyvanı 10-15 saniyə gəzdirdikdə ürək fəaliyyəti tezləşir və aritmiya başlayır.
Xəstənin vəziyyəti ölgün olur, yarımyuxulu vəziyyətdə uzanır, tüklər pırpızlaşır, bəzən burundan serozlu axıntı gəlir, iştahası pozulur, həzm pozuntusu (ağızdan tüpürcək axması, ishal, köp), tənəffüsün səthiləşməsi və tezləşməsi müşahidə edilir. Auskultasiya zamanı xırıltılar eşidilir. Ağırlaşmalar olduqda bədənin temperaturu 40,5—41°C-ə yüksəlir. Bronxopnevmoniya və plevrit əmələ gəlir. Əzələlərin zəifləməsi arxa ətraflarda parezə səbəb olur.
Xəstə heyvanın sidiyində şəkər və zülal tapılır. Xəstəlik 15-20 gün davam edərək, heyvanı çox arıqladır. 40-60% ölüm verir.
Xronik forma ilə adətən 2-3 aylıq olan körpələr xəstələnir. Çox vaxt yarımkəskin formada müvafiq müalicə tədbirləri aparılmadıqda yemləmə və bəsləmə şəraiti pis olduqda xəstəlik xronik formaya keçir. Xəstə arıqlayır, sürüdən geri qalır, anemiya, həzm və ürək pozuntuları başlayır. Sonra ətraflarda iflic, boyun əzələlərində titrəmə müşahidə olunur, xəstə it oturuşu vəziyyəti alır. Xəstəlik tənəffüs orqanlarında ağırlaşma verdikdə temperatur yüksəlir və bəzən heyvanın ölümü ilə də nəticələnir.
Əzələ ağarması olan təsərrüfatlarda yenicə doğulmuş körpələrdə xəstəlik əlamətsiz keçərək, əvvəllər həzm pozuntusu olur. Bunu isə dispepsiya ilə qarışdırmaq olar. Yalnız ölmüş heyvanı yardıqda vəziyyət aydınlaşır.
Diaqnozu anemnez məlumatlarına, təsərrüfatın xarakterinə, klinik əlamətlərə, patoloji-anatomik yarmadan alınmış nəticələrə, laborator diaqnostik müayinələrdən alınan məlumatlara əsaslanaraq təyin edilir.
Quzularda əzələ ağarması xəstəliyini enzootik ataksiyadan təfriq (Fərqləndirmək) etmək lazımdır. Enzootik ataksiyada əvvəlcə sinir pozuntusu müşahidə edilir, lakin əzələlərdə distrofik dəyişiklik olmur.
Müalicəsi. Bu xəstəliyin spesifik müalicəsi hələ işlənib hazırlanmayıb, lakin selen, E vitamini (tokoferol), tərkibində kükürd olan aminturşular (metionin, sistin, zülal hidrolizatları) ilə müalicənin yaxşı nəticə verdiyinə dair ədəbiyyatda məlumat çoxdur. Bununla yanaşı xəstə heyvanı təcrid edib zoogigiyenik şəraiti, yemləmə və bəsləməni yaxşılaşdırmaq lazımdır. Sağmal və boğaz inək camış və donuzların yem payını kifayət qədər zülal, karbohidrat, vitamin və minerallarla zəngin yemlərdən tərtib etmək lazımdır.
Selenin natrium duzundan məhlul hazırlayıb hər kiloqram çəkiyə 0,2—0,4 ml dəri altına yeritmək lazımdır.
Selenin natrium duzu toksik xassəyə malik olduğu üçün onu təlimata əsasən ancaq baytarlıq mütəxəssisləri tətbiq etməlidir. Qeyd etmək lazımdır ki, bu preparatın müalicədə təsir mexanizmi hələ yaxşı öyrənilməyib. Tədqiqatçılar əzələ ağarması xəstəliyini hüceyrədaxili mübadilənin pozulması və bunun nəticəsində bir sıra toksiki maddələrin əmələ gəlməsi ilə əlaqələndirirlər. Selen isə güclü antibioksidat olduğu üçün zəhərli xassəyə malik peroksidlərin əmələ gəlməsini dayandıraraq, maddələr mübadiləsini nizamlayır, Selenit-natriumun təsiri nəticəsində qan serrumunda zülalların miqdarı çoxalır, alfaqlobulinlər azalır, qammaqlobulinlərin, albuminlərin və eritrositlərin miqdarı artır, kreatin mübadiləsi bərpa edilərək, zülal və şəkərin sidiklə ifrazı dayanır.
E vitamini xəstələrə 5-7 gün, gündə 3 dəfə yemdən qabaq, hər dəfə 10-20 mq verilir. Metionin və sistein buzovun əzələsi arasına 4 gün, gündə 0,1-0,2 q quru maddəni məhlul edib yeritmək, zülal hidrolizatlarını isə 4-8 gün 40-50 ml əzələ içərisinə vurmaq lazımdır. Balaqlarda bu xəstəliyin müalicə və profilaktikasında selen preparatının səmərəliliyi müəyyən edilib.
Profilaktikası: Boğaz heyvanlarda doğuma 20-30 gün qalmış, selen və E vitamini preparatları inyeksiya etməklə, yemləmə və bəsləmə şəraitinə diqqət yetirilməlidir.
Əzələ ağarması xəstəliyi olan təsərrüfatlarda profilaktik olaraq doğumun ilk günləri dəri altına selinit-natrium duzunun məhlulu yeridilməlidir. Profilaktiki olaraq heyvanlara kobalt və mis mikroelementləri də vermək yaxşı nəticə verir. Belə ki, kobalt-xlorid duzu formasında işlədilir. Qaramala gündə hər başa 20-40 mq su və ya yemlə daxilə vermək lazımdır. Mis, mis-sulfat duzu formasında işlədilir. Bu məqsədlə hər baş ana qaramala gündə 250-300 mq, cavanlara isə 50-150 mq yemlə və ya su ilə daxilə vermək məsləhət görülür.
Bütün yuxarıda göstərilən profilaktiki tədbirlər vaxtında, keyfiyyətli surətdə yerinə yetirilərsə, onda bu xəstəlik də baş verməz.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinə tövsiyə edir ki, heyvanlarda əzələ ağarması xəstəliyi zamanı profilaktika-müalicə tədbirləri baytar həkiminin iştirakı ilə aparılsın.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024