Balaq doğulduqdan sonra onun ağız və burun deşikləri selikdən təmizlənir, göbək ciyəsi bağlanır və steril qayçı ilə qarın səthindən 10-12 sm aralı kəsilir. Kəsilmiş göbək nahiyəsinə yod sürtülür və ya kalium-permanqanat məhlulu ilə yuyulur. Qışın çox soyuq günlərində doğulan balaqlar təmiz dəsmalla quruyuncaya qədər silinir, əskiyə bükülərək balaqlar üçün ayrılan bölməyə aparılır.
Balağın diri çəkisi orta hesabla 30-31 kq olmalıdır. Balağın diri çəkisi bəzən 20 kq-dan 43 kq-a qədər də ola bilər. Balaqlar qabaqcadan təmizlənmiş və dezinfeksiya edilmiş qəfəslərdə yerləşdirilir, sonra nömrələnir və xüsusi kitaba (bəzi əlamətləri, çəkisi, cinsi, anasının və hansı cins nəslə aid olduğu-buğanın nömrəsi, adı, anasının illik sağımı) qeyd edilir. Normal inkişaf etmiş balağın diri çəkisi ananın diri çəkisinin 7-8%-ni təşkil edir.
Balaqlar buzovlara nisbətən xəstəliklərə bir qədər dözümlüdür. Buna görə balaqlar arasında tələfat nisbətən az olur. Balaqlar arasında tələfat əsasən yemləmə və saxlama şəraitinin pis olması nəticəsində baş verir. Balaqlar birinci 20 günlükdə xüsusilə mədə-bağırsaq xəstəliklərindən tələf olurlar. Ona görə də balaqların bu müddətdə yemlənib bəslənməsinə xüsusi fikir verilməlidir.
Balaq doğulduqdan 0,5-1 saat sonra birinci ağız südü içməlidir, anaya isə rahatlıq verilməlidir. Normal doğum şəraitində bir saatdan sonra heyvanı sağmaq olar. Balağın diri çəkisindən asılı olaraq birinci gündən ona hər gün 6-7 kq ağız südü verilməlidir, sonralar bu norma 1-2 kq artırılır. Ağız südü keyfiyyətli olmalıdır. Doğumdan 4 saat sonra camışın ağız südünün turşluğu 44,9°, yağlılığı 7 %, xüsusi çəkisi 1,0717 olur. Doğumdan 5 gün sonra ağız südünün turşluğu və xüsusi çəkisi xeyli azalır.
Balaqlar da buzovlar kimi birinci 15-20 gün profilaktoridə fərdi qəfəslərdə və ya kiçik qruplarla (4-5 baş) bölmələrdə, sonra isə süddən kəsilənə qədər iri qruplarda saxlanır. Bəzən də xalxalda saxlanır. Bu üsulla saxlanan balaqlar bir-birini yalamasın, çirkli şeylər yeməsin deyə onların ağzına ağızlıq geydirilməsi məsləhət görülür. Bu üsulla bəslənən balaqlar yaxşı inkişaf edir.
Doğumdan 5-6 gün sonra balaqlar tədricən gəzintiyə buraxılır. Balaqlar saxlanan bölmələr və qəfəslər təmiz saxlanmalı və vaxtaşırı dezinfeksiya edilməlidir. Döşəməyə hər gün yumşaq, təmiz saman səpilməlidir. Balaqlar ana altında və əl üsulu ilə əmizdirilməlidir. Bu zaman yelin bala tərəfindən ovuşdurulduğuna görə sağıcının əməyi xeyli yüngülləşir. Hazırda balaqların ana altında əmizdirilməsi tədricən aradan qaldırılır, əl üsulu ilə əmizdirməyə keçirilir, habelə balaqları analıq altında bəsləmə üsulu tətbiq edilir. Balağa əl ilə süd içirdikdə o yaxşı inkişaf edir, 18 aylıqda çəkisi yaşlı camışın çəkisinə bərabər olur.
İlkin doğan camışlar birinci gündən balalarından ayrı saxlanmalıdır. Yaşlı camışların isə doğuşdan sonra balaları sağım vaxtı 1-2 gün analarının yanında bağlı saxlanır. Bu zaman onlar əl ilə əmizdirməyə öyrədilir. Əl üsulu ilə əmizdirmədə, balaqlara süd əmzikli qabda verilir.
Doğulduqdan 0,1-1 saat sonra balağa ağız südü verilməlidir. Ağız südü azlıq etdikdə süni ağız südü hazırlanmalıdır. Bunun üçün 1 litr isti suya 2 ədəd toyuq yumurtası, 10-15 q balıq yağı qatılır və bircinsli kütlə alınana qədər qarışdırılır.
Körpə balaq 2-3 dəfə əmzikdən süd əmdikdən sonra özü sərbəst əmməyə başlayır. Normal halda inkişaf edən 2-3 aylıq balaq əmzikli qabdan 2 litr südü 5-6 dəqiqədə əmib qurtarır. Balağa süd vedrədən içirildikdə, sağıcı sağ əlinin arxasını vedrənin dibinə qoyur və orta barmağını dik tutur. Sonra sol əli ilə balağın başını vedrənin içinə əyir və sağ əlinin orta barmağını onun ağzına salır. Bu zaman balaq sağıcının barmağını əmməyə başlayır barmağı əmdikdə isə südü sorub içir. Bu qayda ilə balağa 5-6 dəfə süd içirdikdən sonra özü südü vedrədən sərbəst içməyə başlayır. Südü içirdikdən sonra balağın ağzı, burnu təmiz dəsmalla silinir. Camışın südü az və ya camış xəstə olduqda balağa başqa sağlam camışın südü verilməlidir. Balağın diri çəkisinə və gündəlik artımına görə ona gündəlik süd və başqa yem norması təyin edilir. Balaqlara gündə azı 4 dəfə (sürətlə böyüyən və zəif balaqlara isə 5-6 dəfə) bərabər fasilələrlə ağız südü verilməlidir.
Balaq birinci 10-15 gün ananın südünü almalıdır. 20-ci gündən sağlam camışların südündən istifadə edilir. Bir aylığa qədər balağa hər 10 gündə bir, bir aylıqdan 6 aylığa qədər isə hər ayda bir yem payı tərtib edilməlidir. Balaqlarda gövşəmə 15-18 günlükdə əmələ gəlir ki, bu vaxt onlar müxtəlif yemlərlə yemlənməyə öyrədilir. Balaqlara quru ot 10-cu gün, yaşıl ot, arpa, vələmir 21-ci günündən sonra, qüvvəli yem bir aylıqda, meyvə-kök 50-60 günlükdə, silos 80 günlükdə, jmıx 60-cı gündən, mineral yem qarışığı (tabaşir, sümük unu, duz) 15-ci gündən verilir.
Əmizdirmədən 1 saat sonra su verilməlidir. Balağı qüvvəli yemə öyrətmək üçün 1-2-ci aylarda arpa və ya vələmir unu təzəcə sağılmış südlə qarışdırılır, üzərinə bir stəkan qaynar su tökülərək balağa içirilir, sonra bu yemin miqdarı tədricən artırılır. Balaqlara əlavə üzsüz süd və qüvvəli yemlər verildikdə südəmər dövr 4-5 ay, ana altında bəslənmə isə 8-9 aya qədər çəkir. Bir balaq süddən ayrılana qədər təxminən 140-250 kq süd əmir. Süddən ayrılmış balaqlara yaxşı quru ot, silos, meyvəköklər, qüvvəli yemlər verilir, 3 yaşında isə onlar iri camışlar kimi yemlənir.
Balağa 15-25 günlüyündə su verilir. Lakin təcrübə göstərir ki, onlara suyu 2-3 günlüyündən verilməlidir.
Azərbaycanın bəzi camışçılıq təsərrüfatında balaqların dayə camış altında qrupla əmizdirilməsi üsulu da tətbiq olunur. Bu üsulla bəsləmək üçün bir dayə camışa bir dövrdə 2-4, tam sağım dövründə isə 14-ə qədər balaq təhkim etmək olar. Dayə üsulu ilə bəsləmədə balaqların inkişafı əl üsuluna görə daha sürətlə gedir, əmək məhsuldarlığı xeyli (1,5-2 dəfə) artır. Balaqlar dayə camış altında 80-100 gün əmizdirilir. Sonra balaqlar ayrılır və camışlara yeni balaqlar təhkim edilir. Təhkim edilən balaqların sayı camışın südlülüyündən asılıdır.
Dayə camış ayrıca pəyədə saxlanmalı, yemlənməsinə xüsusi fikir verilməli və sağlam olmalıdır. Dayə camışa təhkim edilən balaqlar arasında yaş fərqi 7 gündən artıq olmamalıdır. Balaq dayə camış altına 6-7 gündən sonra, (yəni ağız südü dövründən sonra) keçirilməlidir. Balaqlar qrup üsulu ilə əmizdirmə dövrü qurtardıqdan sonra ümumi pəyəyə keçirilir və onlar üçün yem payı tərtib edilib, yaşlı balaqlar kimi saxlanır. Yem payında olan şirəli yemlərin miqdarı azaldılır, köklük dərəcəsi yüksək olan heyvanlara isə tamam verilmir, onlara ancaq yaxşı keyfiyyətli ot verilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024