Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təlimlərlə bağlı qrafikinə əsasən, Cəlilabad Bölgə Təcrübə Stansiyasının “Bitki seleksiyası və toxumçuluğu” şöbəsinin elmi işçiləri Tofiq İsmayılov və Saleh Şərbətov Biləsuvar, Salyan, Cəlilabad rayonlarının fermerləri üçün ”Payızlıq taxıl səpinlərində zəruri aqrotexniki tədbirlər” mövzusunda təlimlər keçiblər. İştirakçılar dənli taxıl və bitki toxumlarının hazırlanma qaydaları, səpin normaları (müxtəlif sortlar üzrə), səpin üsulları və səpin müddəti, toxumçuluq, o cümlədən payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərə qulluq qaydaları haqqında çıxış ediblər. Fermerlərə payızlıq taxıl səpinində zəruri aqrotexniki tədbirlərin aparılması barədə ətraflı məlumatlar verilib. Biləsuvar və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) baş tutmuş təlimlər zamanı fermerlər əsasən müxtəlif bölgələrə uyğun arpa və buğda sortlarının əldə edilməsi, məhsuldarlığı və quraqlığa davamlılığı, torpağı yaxşılaşdıran növbəli əkin sisteminin qurulması və s. bu kimi məsələlərlə maraqlanıblar.
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev isə Şəki rayon DAİM binasında bölgə fermerləri üçün “Payızlıq taxıl səpinlərində zəruri aqrotexniki tədbirlər” mövzusunda təlim-seminar keçib. Təlimdə iştirak etmiş fermerlərə bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq üçün ən son elmi nəaliyyətlər barədə məlumat verilib. Bölgənin torpaq-iqlim şəraiti, lazımi texnika, torpaq becərmələri, tətbiq olunan sortlar, səpinin elmi əsaslarla aparılma qaydaları, səpin müddəti, səpin norması və s. haqqında məsləhətlər verilib.
Həmçinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova Bərdə və Tərtər rayon fermerlər üçün “Payızlıq taxıl səpinində zəruri aqrotexniki tədbirlər” mövzusunda təlimlər keçib. Təlimlərdə fermerlərə taxıl sortunun seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması qaydaları haqqında ətraflı məlumatlar verilib.
Təlimlərdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb.
Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
03 Oktyabr 2023
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edib
03 Oktyabr 2023
Nazir Məcnun Məmmədov İslam Əməkdaşlığı Təşkilatının 9-cu Nazirlər Konfransında iştirak edib
03 Oktyabr 2023
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Zaqatalada vətəndaşları qəbul edəcək
02 Oktyabr 2023
Bu gündən Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır
02 Oktyabr 2023