Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, respublika ərazisində iri və xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Aparılan tədbirlər İribuynuzlu heyvanlar üçün “Şt-19”, xırdabuynuzlu heyvanlar üçün isə "Rev-1" göz damcısı vaksinləri ilə həyat keçirilir. Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi xəstəliyin heyvanlar və insanlar arasında minimum həddə endirilərək gələcəkdə ləğv edilməsinə nail olmaqdır.
Məlumat üçün bildiririk ki, rayon (şəhər) baytarlıq idarələri “Şt-19” və "Rev-1" vaksinləri, biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə tam təmin olunublar.
Qeyd etmək lazımdır ki, bruselyoz xəstəliyi yoluxucu xəstəlikdir. İnsanlar xəstəliyə yoluxmuş qaramal, camış, qoyun, keçi ilə təmasda olduqda və ya heyvan mənşəli məhsulların emalı və qəbul edilməsi zamanı xəstəliyə yoluxa bilərlər. İnsanların bruselyoza yoluxmasına səbəb olan amillər: yeni doğulmuş heyvanlar, döl və dölətrafı maye, vaginal axıntı, pasterizə (qaynadılmayan) olunmayan süd və pasterizə olunmayan süddən hazırlanan süd məhsulları (pendir, yağ, qaymaq). Bruselyoza yoluxmuş heyvanın əti bişirildiyi təqdirdə təhlükəsizdir. Bruselyoz Azərbaycanın bütün regionlarında heyvanlar və insanlar arasında qeydə alınan xəstəlikdir.
İnsanlarda bruselyozun əsas əlamətləri davamlı yüksək hərarət, üfunətli tərləmə və oynaqların iltihabıdır. Xəstəlik kişilərin, qadınların və uşaqların sağlamlığına mənfi təsir göstərməklə vaxtında müalicə edilmədikdə xroniki hala keçir və daha kəskin əlamətlərə səbəb ola bilir. Bruselyoza yoluxan heyvanlarda balasalma, qısırlıq halları baş verir və onların süd məhsuldarlığı azalır. Aqrar Xidmətlər Agentliyi xəstəliyin qarşısını almaq məqsədi ilə göz damcı üsulu ilə bruselyoz əleyhinə peyvəndləmə kampaniyasını həyata keçirir. Bu kampaniya insanlarda və heyvanlarda xəstəliyin səviyyəsini xeyli dərəcədə azaldacaqdır. Heyvanlarınızı bruselyoza peyvənd etdirməklə özünüzü və ailənizi bruselyozdan qoruyur, bruselyoz əleyhinə peyvəndləmə kampaniyasının uğurla həyata keçirilməsinə dəstək vermiş olursunuz.
Aqrar Xidmətlər Agentliyi bruselyoz xəstəlyinə qarşı mübarizə məqsədi ilə aşağıdakıları tövsiyə edir:
-Heyvanlarla təmasda olduqdan sonra həmişə əllərinizi sabunla yuyun. Bu, yeni doğulan və bala salan heyvanlarla təmasdan sonra daha mühüm əhəmiyyət daşıyır.
-Yeni doğulmuş balaya və heyvanın saldığı dölə toxunarkən əlcək geyinin.
-Qaynadılmamış süd içməyin.
-Bruselyoza yoluxmuş heyvanlardan əldə olunan süd qaynadıldıqdan sonra ondan pendir və ya digər süd məhsulları hazırlayın.
-Qaynadılmamış süddən hazırlanan pendir daha təhlükəlidir.
-Peyvəndləmə zamanı balasalma riskini azaltmaq üçün baytar mütəxəssislərinə heyvanın boğazlıq müddəti barədə məlumat verin.
Peyvənd olunmayan heyvanları almayın. Bruselyoza peyvənd olunan heyvanların qulağında nişan (kəsik) qoyulur. Həmin nişana görə peyvənd edilməyən heyvanları asanlıqla müəyyən etmək mümkündür.
-Heyvanlarınızın bruselyoza yoluxmasının qarşısını almaq üçün onları peyvənd etdirin. Peyvənd etdirmə heyvanlarınızın uzun müddətli sağlamlığını təmin edəcək.
-Doğuş zamanı heyvanlarınızın digər heyvanlarla təmasda olmasına yol verməyin və doğuş ərazisini təmiz saxlayın.
-Bruselyoza yoluxan heyvanlar qan analizi ilə aşkar oluna bilər.
-Bruselyoza yoluxan heyvanlar sürü və naxırdan ayrılmalı və sahibi tərəfindən könüllü olaraq kəsimə göndərilməlidir. Bruselyoza yoluxan heyvanlar bazarlarda satıla bilməz, çünki onlar xəstəliyi yayır.
-Heyvanlarınızı bruselyoz xəstəliyinə qarşı peyvənd etdirin.
-Heyvanlarınızın bruselyozdan qorunması ilə əlaqədar sahə baytarlıq məntəqəsinin həkimləri ilə əlaqə saxlayın.
Onu da qeyd edək ki, bruselyoza qarşı əsas profilaktik tədbir xəstəlik törədicisinin kənardan gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Belə ki, fermer və fərdi təsərrüfat sahibləri təsərrüfata yeni heyvanlar, heyvandarlıq məhsulları, yemlər, qulluq əşyaları və s. gətirməzdən əvvəl onların gətirildiyi obyektin sağlamlığına əmin olmalıdırlar. Təsərrüfatda baytarlıq-sanitariya və şəxsi gigiyena qaydalarının gözlənilməsini təmin etmək bruselyozun profilaktikasında zəruri şərtdir. Mal-qaranı bu yoluxucu xəstəlikdən qorumaq üçün baytar həkimləri tərəfindən həyata keçirilən planlı diaqnostika və profilaktika tədbirlərinə heyvanları cəlb etmək, yayındırmamaq tövsiyə olunur. Aqrar Xidmətlər Agentliyi bildirir ki, iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə kampaniyası il ərzində davam ediləcəkdir.
Agentlik heyvan sahiblərinin və fermerlərin nəzərinə onu da çatdırır ki, təsərrüfatlarında bəslənilən heyvanlarda adıçəkilən xəstəliyin əlamətləri müşahidə edildiyi halda, dərhal rayon(şəhər) baytarlıq idarələrinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə məlumat verilsin.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024