29 may 2018-ci il tarixdə FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan “Bitki və bitkiçilik məhsullarının idxalının yoxlanması üzrə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün təlim” öz işinə başlayıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Gömrük Komitəsinin fitosanitar müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi, müfəttişlərin idxal zamanı ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətdə olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarının artırılmasıdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi və layihənin milli koordinatoru Camal Quliyev təlim-seminarın fitosanitar müfəttişlərin nəzəri və praktiki biliklərinin artırılmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Dövlət Xidmətinin rəisi bildirib ki, bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsi və ölkələr arasında ticarət dövriyyəsinin artması fonunda Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsi respublika ərazisinə yeni zərərli orqanizmlərin daxil olması riskinin azaldılmasına xidmət edir: “FAO-nun dəstəyi ilə həyata keçirilən bu layihə Azərbaycanda fitosanitar sabitliyin təmin edilməsinə, idxal zamanı fitosanitar nəzarətin çevikliyinin və şəffaflığının artırılmasına, respublikamızın zəngin bitki örtüyünün qorunub saxlanılmasına və siz fitosanitar müfəttişlər tərəfindən çətin və şərəfli vəzifənizin layiqincə yerinə yetirilməsinə öz töhfəsini verəcək”.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru Cavad Qasımov “Vahid pəncərə” prinsipinə uyğun olaraq sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətin Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirildiyini, beynəlxalq ticarətin genişlənməsi səbəbindən dövlət sərhəddinin buraxılış məntəqələrində fitosanitar risklərin artdığını, belə tədbirlərdə müfəttişlərin peşə biliklərinin artırılması hesabına risklərin azaldılmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb.
FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib. Sonra seminar gündəliyə uyğun olaraq öz işinə başlayıb.
Qeyd edək ki, təlim kursu 31 may 2018-ci il tarixinə qədər davam edəcək.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026