Bərəkət rəmzi olan taxılçılığın inkişafına xidmət edən bu elm ocağına hər dəfə qədəm basanda qəribə hislər keçirəm. Gələn il yetmiş yaşını qeyd edəcək Əkinçilik Elmi-Tətqiqat İnstitutu öz sahəsində zəngin elmi irsin daşıyıcısıdır. İnkişafında Akademik Cəlal Əliyevin böyük rol oynadığı institut bu gün dənin, toxumun keyfiyyətli analizi, bitki mühafizə, torpaq və bitki analizləri, bitki seleksiyası, toxumçuluq kimi ən mühüm 8 elmi istiqamətdə fəaliyyət göstərir. Elm ocağı 8 şöbə, 5 laboratoriya, 11 təcrübə bazası, 331 nəfər əməkdaşa malikdir. Onlardan 121 nəfəri elmi işçi, o cümlədən 43 nəfəri fəlsəfə, 6 nəfəri elmlər doktorudur. Onların səyi ilə hər il 2565 hektarda 1300 ton dənli, dənli-paxlalı və yem bitkilərinin rayonlaşmış sortlarının orijinal, super-elit və elit toxumları istehsal olunur. Bu toxumlar respublika üzrə fəaliyyət göstərən 120 toxumçuluq təsərrüfatlarını əkin materialı ilə təmin edir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutu beynəlxalq seleksiya mərkəzləri olan SİMMYT və İKARDA, Rusiyanın P.P. Lukyanenko adına Krasnodar ET Kənd Təsərrüfatı, N.İ.Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutu, Don Dövlət Aqrar Universiteti, V.V.Dokuçayev adına Xarkov Milli Aqrar Univesiteti, Türkiyənin Tarımsal Araşdırma İnstitutu, Sakaryadakı Qarğıdalı Tədqiqatlar Mərkəzi, Doğu Akdeniz Tarımsal Araşdırma İnstitutu ilə sıx elmi əlaqələr qurub.
İnstitutun direktoru Cavanşir Təlai qarşıda duran məqsədlərdən danışır: “Bu gün İnstitutun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və ərzaq (paxlalı noxud, mərcimək, soya), yem (yonca, xaşa) və tütün bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərinin yaradılması, onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi-praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi, yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi istiqamətlərində geniş və əhatəli məqsədlər durur.
Mandatımıza yumşaq və bərk buğda, arpa, çəltik, qarğıdalı, noxud, mərci, soya, yonca, xaşa, tütün daxildir. İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri, davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində dənli, dənli-paxlalı və yem bitkilərinin seleksiyası, toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə bağlı elmi-tədqiqat işləri aparılır”.
Elmi müəssisədə müxtəlif kənd təsərrüfatı bitkilərinin 147 sortu yaradılıb və müxtəlif illərdə institutun 101 sortu rayonlaşaraq, seleksiya nailiyyətləri Dövlət Reyestrinə daxil edilib və patentləşib. Seleksiya nailiyyətləri Dövlət Reyestrinə daxil olan 173 dənli, dənli-paxlalı və yem bitkiləri sortlarının 50%-dən çoxunun patent sahibi bu elm ocağıdır. Ölkədə buğda əkinlərinin 75-80%-ni, arpanın 90%-ni, qarğıdalı əkinlərinin 75%-ni, noxud və mərci əkinlərinin isə 75%-ni, yonca və xaşanın 65%-ni institutda yaradılmış sortlar təşkil edir.
İnstitutda bu günədək 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlanıb. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru alimlik dərəcəsinə layiq görülüblər. Bu alimlərin tədqiqat işlərinin nəticələri 60-a qədər kitab və monoqrafiyada, 219 broşurada, 3500 məqalə, 38 plakat, 50 buklet, 6 taxıl sortlarının kataloqu və XXIX cildlik elmi əsərlərin məcmuəsində dərc edilib.
Cavanşir Təlai deyir ki, abiotik amillərə - əlverişsiz iqlim amillərinə qarşı davamlı sortların yaradılması istiqamətində, dənin keyfiyyəti ilə bağlı tədqiqatlar aparılır: “Bu gün emal müəsisələrini dənin keyfiyyəti maraqlandırır, əldə olunmuş sortların dən çıxımı öyrənilir, onlardan çörəklər bişirilərək yoxlanır. Məhsuldarlığın artırılması vacib məsələlərdəndir. Elə sortlarımız var ki, intensiv texnologiyalarda 70-80 sentnerə qədər məhsuldarlıq verir. Mövcud məhsuldarlığın heç olamasa 50 sentnerə yüksəldilməsi hədəfimizdir. Bu istiqamətdə son illər ölkəmizdə qurulan aqroparklarla əməkdaşlıq edirik. Məsələn, Goranboy rayonunda yerləşən aqroparkda əkilmiş sortların hamısı institutumuzun sortlarıdır. Bu addımlarla elmi biznes dünyası ilə əlaqələndirməyə çalışırıq. Paralel olaraq, yemçilik işinin də elmi şəkildə təşkil edilməsi üçün addımlar atılır. Yemlərin hazırlanması, zootexniki baxımdan qiymətləndirilməsi, təbii resurslardan səmərəli istifadə məsələləri də əməkdaşlarımız tərəfindən tətqiqat mövzularına çevrilib”.
İnstitutda ötən il 6 bitki üzrə 12 sort rayonlaşmaya təqdim edib, bunlardan 5-i yumuşaq, 3-ü bərk buğdadır. Eyni zamanda, 8 intensiv tipli sort toxumlar artıq rayonlaşdırılaraq patentləşdirilib. Ötən ilin ən böyük nəaliyyətlərindən biri də Rusiyanın “Avroxim” şirkətinin təqdim etdiyi yeni tərkibli mineral gübrə kompleksinin sınaqlarının aparılması olub, Qobustan və Tərtər bölgə təcrübə stansiyalarında elmi işçilər tərəfindən bu məsələ hərtəfəli araşdırılaraq müsbət rəy verilib. Bunlardan başqa, hibrid qarğıdalı toxumçuluğu, buğdanın seleksiyası və otlaqlarla bağlı 3 layihə hazırlanaraq Elmin İnkişafı Fonduna təqdim edilib.
İnstitutun bölgələrdəki stansiyalarında son illər xarici ölkələrin mütərəqqi texnologiyalarının sahə nümayişləri keçirilir. Bir neçə dəfə minimal torpaq becərmələrinin - sıfır becərmə və tirəli səpin üsullarının sahədə təqdimatı olub, fermerlər məlumatlandırılıb. Bu texnologiyaların resurs mühafizə metodları, səpin normasına qənaət, bitkilərin xəstəliyə tutulma faizinin azalması və digər istiqamətləri çoxsaylı torpaq adamlarına aşılanıb.
Elm ocağının ölkədə aqrar maarifləndirmədə mühüm payı var. Ötən il kiçik istehsalçıları əhatə edən 27 təlim keçirilib, bu təlimlərdə fermerlərə bitki mühafizə tədbirləri, dənli-paxlalı bitkilərin yetişdirilməsi ilə bağlı mühüm biliklər çatdırılıb. Bu ilin iki ayı ərzində isə 6 iri təlim keçirilib.
İnstitutun “Dənin keyfiyyəti” laboratoriyasının müdiri, aqrar elmlər üzrə elmlər doktoru Qətibə Həsənova bizimlə söhbətində deyir ki, burada elmi seleksiyası gedən dənin göstəriciləri yoxlanır: “Dənin keyfiyyətini təyin etmək üçün natura, şüşəvarilik, yapışqanlıq, zülalın miqdarı və digər analizlər aparırıq. Ən sonda isə hər bir əldə olunmuş sortdan çörək nümunələri bişirərək keyfiyyətini müşahidə edirik. Bir tərəfdən seleksiyaçılara sortalma işində, fermerlərə isə becərdikəri sortların qiymətləndirilməsində kömək edirik. Hazırda 6-ya qədər sortun yoxlamaları aparılır, il ərzində 300 nümunənin çörəyini bişirərək həcmini, keyfiyyətini tədqiq edirik. Keyfiyyət analizləri nümunə üzrə bir həftəyə qədər davam edir. Elmi nəticələr bizə sortlar üzrə unçıxımı, keyfiyyətli çörək alınmasında genetik əsasları haqqında rəy yaradır. Sortların fərdi xüsusiyyətləri var, keyfiyyət elə bir məsələdir ki, ona təsir etməyən amil yoxdur. Elmi araşdırmalarımız bütün dənli məhsullar üzrə aparılır. Bəzən ətraf mühit amillərinə görə fermerlər sortları düzgün seçmirlər, məhsuldarlıqda aşağı nəticələr əldə etdikdə isə mənfi fikirlər söyləyirlər. Unudurlar ki, əkin üçün toxum əldə edəndə torpaq-iqlim amilləri, toxumun genetik gücü kimi amillər ciddi nəzərə alınmalıdır. Hazırda 7 regionda bir sortun xarakterini öyrənirik, bəzən bir sort bütün regionlarda, bəzən isə yalnız bir regioanda müsbət nəticələr göstərir”.
Elm ocağında maraqlı laboratoriyalardan biri qocaman alim İmralı Hacıməmmədovun rəhbərlik etdiyi torpaqların aqrokimyəvi analizi laboratoriyasıdır. Ölkəmizin bütün regionlarından gətirilmiş torpaqlar burada bir neçə mərhələli analizdən keçirilir, tərkibi müəyyənləşdirilir və elmi nəticələr yerlərdəki müəssisələrə göndərilir.
Elmi kitabxanada isə institutda təhsil alan gənclərlə rastlaşdım. Elm yolunda kövrək addımlarını atan bu gənclər iddia ilə dedilər ki, aqrar elmin gələcək təmsilçiləri olacaqlar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024