Hər il olduğu kimi, cari ildə də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarının ərazilərinin bir hissəsini əhatə edən Küdrü düzü, həmçinin Ağstafa rayonu ərazilərində Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərini vaxtında və səmərəli təşkil etmək məqsədi ilə mübarizədə istifadə ediləcək maşın-mexanizmlərin dislokasiyası həyata keçirilib, lazımı dərman və yanacaq ehtiyatı yaradılıb, bütün maşın-mexanizmlər sazlanaraq hazır vəziyyətə gətirilib.
Agentliyin mütəxəssisləri tərəfindən Küdrü düzü, eləcə də Ağstafa rayonu ərazisində Mərakeş çəyirtkəsinə qarşı kimyəvi mübarizə tədbirlərinə başlanılıb.
Qeyd edək ki, ölkəmizdə Mərakeş çəyirtkəsi, əsasən yovşanlı sahələrdə yaşayıb, çoxalır. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir. Çəyirtkə qışlaqları Azərbaycanın 34 rayonun ərazisində qeydə alınır.
Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq, sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Çəyirtkələr poykiloter orqanizmlərdir, bədən temperaturaları, eləcə də davranışları ətraf mühit temperaturundan çox asılı olur. Bədən temperaturası 26-27°C-ə çatdıqda sürfələr qidalanmağa başlayır, 35°C-ə çatdıqda isə hərəkət edirlər. Günəş şüaları bədən temperaturasının mühitin istiliyindən 10-15°C yüksək olmasını təmin edir. Bədən temperaturası aşağı (25°C-dən aşağı) və ya yüksək (torpaq səthində istilik 45°C-dən yuxarı olduqda) olduqda çəyirtkədə keyimə əmələ gəlir. İsti dövrdə qidalanma, əsasən səhər və axşam saatlarına təsadüf edir. Sürfələr aprel-may aylarında səhər saatlarında bitkilər üzərində keyimiş vəziyyətdə qalırlar. Mübarizə zamanı həşəratın bu xüsusiyyətləri nəzərə alınır.
Mübarizə tədbirlərində Mitsubishi l-200 markalı pikap tipli avtomobillərə quraşdırılmış AU 8115M markalı ultra kiçik həcmli, Skout 28s-300 markalı aftonom çiləyici aqreqatlar, həmçinin traktorlara qoşulmuş 2000 litrlik qoşqulu çiləyicilərdən istifadə olunur. Mübarizə işləri dövlət büdcə vəsaiti hesabına alınmış Alfa-sipermetrin tərkibli Chrysamed Dedex (Alfa-sipermetrin 1% ULV) və Arrivo 25 ES (Sipermetrin 250q/l) preparatları ilə aparılır. Hazırda çəyirtkələrin sürfələri 1-ci və 2-ci yaş dövründədir və mübarizə tədbirləri müşahidələrin nəticələrinə əsaslanaraq lokal ərazilərdə aparılır
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına ( Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə məlumat verilsin.
Mübarizə tədbirləri davam etdirilir.
“Zəfər” futbol turnirinə yekun vurulub
07 Noyabr 2024
Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
06 Noyabr 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub
05 Noyabr 2024
Aqrar Sığorta Fondu və “Azərkosmos” arasında əməkdaşlıq memorandumu imzalanıb
04 Noyabr 2024
Aqrar sahədə elmi-tədqiqat işlərinin birgə təşkili məqsədilə memorandum imzalanıb
04 Noyabr 2024