Aqrar Xidmətlər Agentliyi (AXA) dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərini davam etdirir. Peyvəndləmə "Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq aparılır. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında həyata keçirilir.
AXA bildirir ki, cari ilin 10 ay ərzində ölkə ərazisində 3451335 baş (o cümlədən174777 baş cavanlarda) iribuynuzlu, 4955540 baş xırdabuynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı peyvənd edilib. Hazırda ölkə üzrə dabağa qarşı payız peyvəndləmə kampaniyası aparılır. Tədbirin il sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
AXA xatırladır ki, heyvanların peyvənddən yayındırılması təsərrüfatlara çox böyük iqtisadi zərər verməklə, heyvanların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər.
Qeyd edək ki, dabaq cütdırnaqlı heyvanların iti gedişli, kəskin kontagioz xəstəliyi olmaqla, yüksək temperatur, ağızın selikli qişalarında, dırnaqda və yelində avtozların baş verməsi ilə xarakterizə olunur. Xəstəliyin inkubasiya dövrü 1-7 gün çəkir. Xəstəliyin ilkin əlamətləri iştaha və südvermə azalır, gövşəmə pozulur, bədən hərarəti yüksəlir, ağız boşluğunun selikli qişası qızarır, salivasiya çoxalır, dırnaq ətrafında və dırnaqarası nahiyədə şişkinlik başlayır. Bir müddət sonra ağız boşluğunda, dırnaqlarda və yelində aftalar əmələ gələ bilər, aftalar partladıqda, daxilindən maye ifraz olunur, həmin mayenin tərkibində çox sayda virus törədiciləri olur, partlamış nahiyədə eroziyalar inkişaf edir. Heyvanlar yemdən imtina edirlər, sürətlə arıqlayırlar. Yaralar çox vaxt ikincili infeksiya ilə yoluxurlar.
Cavan heyvanlarda xəstəlik ağır keçir, bu halda ölüm miokardın infarktı səbəbindən baş verir. Yarma zamanı ürəkdə dabağa xas olan “pələng ürəyi” sindromu aşkar olunur. Bu halda çoxsaylı ölüm halları baş verir.
Qoyunlarda xəstəlik nisbətən yüngül keçir, aftalar kiçik olur və tez sağalır. Boğaz heyvanlarda balasalma müşahidə oluna bilər.
Onu da xatırladaq ki, dabaq xəstəliyi baş verdikdə təsərrüfata və ya yaşayış məntəqəsinə karantin qoyulur və müvafiq qaydalara əməl olunmaqla törədicinin bu ərazidən kənara çıxmasının qarşısı alınır. Xüsusi diqqət dezinfeksiya tədbirlərinə verilir. Heyvanın saxlanıldığı yer, alətlər, yem və su qabları və digər xəstəlik mənbəyi ola bilən əşyalar dabağa təsiri olan dezinfektantlarla təmizlənir.
Təhlükəli hesab olunan bölgələrdə ümumi profilaktika tədbirləri yerinə yetirilir, həssas heyvanlar vaksinasiya olunurlar.
Karantin axırıncı heyvanın sağalmasından və xəstə heyvanın zərərsizləşdirilməsindən 21 gün keçdikdən sonra götürülə bilər.
Dabaq xəstəliyinin yayılma mənbəyi: Xəstə heyvanların ifrazatları; xəstə heyvanların ifrazatları ilə çirklənmiş yem, su, qulluq əşyaları, çiy süd və ondan hazırlanmış məhsullar, xəstə heyvanın çiy əti, gəmiricilər, həşəratlardır.
Dabaq virusu heyvanın tük örtüyündə 50 gün, paltarda 100 gün, tövlə daxilində 70 gün, yemdə 30-150 gün, torpaqda 40-150 gün, təzə süddə 4°C-də 15 gün yaşaya bilir.
Hal-hazırda kənd təsərrüfatı heyvanlarının xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standartlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrinin (vaksin) alınması təmin edilib. Belə ki, əvvəlki illərdən fərqli olaraq dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanlarda tətbiq olunan vaksinlərin yüksək keyfiyyətli yağ tərkibli Türkiyə istehsalı olan seriyalarının alınması təmin edilib.
Hazırda iribuynuzlu heyvanlar A,O, Asiya-1, xırdabuynuzlu heyvanlara isə dabaq xəstəliyinin A,O vaksinləri ilə peyvənd edilir.
AXA mütəxəssisləri tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Ödənişsiz əsaslarla aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında da məlumatlar verirlər.
Heyvanları dabaq xəstəliyindən qorumaq üçün təsərrüfatda mütəmadi baytarlıq-sanitariya tələblərinin aparılması; heyvanların dövri peyvəndlənmədən yayındırmaması; yeni heyvan aldıqda dabağa qarşı peyvəndlənmə barədə məlumatın alınması vacibdir.
Xatırladaq ki, heyvanların dabaq xəstəliyinə qarşı peyvəndlənməsi məcburidir. Təsərrüfatınızda dabaq xəstəliyinin baş verməməsi üçün heyvanlarınızı peyvəndləmədən yayındırmayın!!!
Aqrar Xidmətlər Agentliyi dabaq xəstəliyinə qarşı aparılan profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini və aidiyyəti yerli qurumları baytar mütəxəssisləri ilə əməkdaşlığa dəvət edərək, xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər. Odur ki, heyvan sahibləri vaxtında sahə baytarlıq məntəqəsinə, rayon(şəhər) baytarlıq idarələrinə və ya Nazirliyin 1652 saylı Çağrı Mərkəzinə müraciət etsinlər.
Hazırda heyvanlar arasında heç bir infeksion xəstəlik, o cümlədən dabaq xəstəliyi qeydə alınmayıb. Ölkədə epizootik durum sabitdir və profilaktiki tədbirlər davam etdirilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024